Şair-tərcüməçi Mahir Qarayev birinci və sonuncu kitab rubrikasıyla uzun illərdən bəri qələmə aldığı və dilimizə çevirdiyi əsərlərdən ibarət toplunu oxuculara təqdim etmişdir. Həmin kitabdakı tərcümələrdən bir qismini «Mədəniyyət»in oxucularının diqqətinə yetirir və şair-tərcüməçi Mahir Qarayevə sözünə xilaf çıxıb yeni kitablar yaratmağı arzulayırıq. Çünki onun yazıb-yaratmaq haqqı var.
   
   
   Mixail Yuryeviç Lermontov
   
    Vəsiyyət
   
   Gəl əyləşək, qardaşım,
   Gəl dərdləşək bir qədər:
   Mən ömrümü yaşadım,
   Lap az qalıb deyirlər!
   Evə gedirsən, ancaq
   Nə deyim... bir sözüm yox;
   Mənə canı yanacaq
   Orda bircə kəsim yox.
   
   İşdir, əgər bir adam
   Gəlsə, soruşsa məni…
   De ki, yaralanmışam,
   Güllə dəlib sinəmi;
   Qurban getmişəm çara,
   Həkimlər də xamdı de,
   Bir də doğma diyara
   Məndən çoxlu salam de.
   
   İnanmıram indiyə
   Atam, anam sağ olsun…
   Sağ olsalar da, niyə
   Dərdim təzə dağ olsun;
   De ki, işdə-gücdədir,
   Çox tənbəldi yazmağa,
   Alay da yürüşdədir -
   Gözləməsinlər daha…
   
   Bir də qonşu qız ancaq
   Biz ayrılan nə vaxtdır!..
   Məni soruşmayacaq,
   Yox, gözləmə, nahaqdır…
   Rayner Maria Rilke
   
   Qayışı-qaytanı atıb qurağa
   o kənddən-kəsəkdən qaçırdı bu at;
   uçurdu axşamın qaranlığına -
   üzü tənhalığa çapırdı bu at.
   
   Çapırdı, hər şeyi unudub artıq -
   yalı yellənirdi, başı əsirdi,
   yaman tələsirdi… və budur artıq
   
   gemgeniş talada o tək gəzirdi!
   Qulaq kəsilirdi, oxuyurdu at…
   Atın bu surəti məndən amanat!
   
    Ciddi an
   
   Bu anda bu cahanda
    səbəbsiz-filansız ağlayan hər kəs -
    məni ağlayır.
   
   Bu gecə kim eləcə
    səbəbsiz-filansız deyib-gülürsə
    məni dağlayır.
   
   Bu anda bu cahanda
    səbəbsiz-filansız gəzən hər kəsin
    yolları yönəlir mənim üstümə.
   
   
   Bu anda bu cahanda
    səbəbsiz-filansız ötən hər kəsin
    gözləri dikilir mənim üzümə.
   

  Anna Axmatova
   
   * * *
   Niyə murdarlayıb içdiyim suyu,
   Yediyim çörəyə ağı qatdınız?
   Niyə olan-qalan azadlığımın
   Ağzına daş basıb tıxatdırdınız?
   Əzabla can verən dostun-sirdaşın
   Acı qismətinə gülmədim deyə?
   Bu dərdli vətənə dönük çıxmadım,
   Dar gündə atmadım, getmədim deyə?
   
   Neyləyək.
   Bu dünyada şair olan kəs
   Cəlladsız, edamsız keçinə bilməz.
   Alın yazımızdır - əlimizdə şam
   zarımaq, ulamaq hər səhər-axşam.
   
   1935
   
   * * *
   Mən qəddi bükülən,
   əlləri əsən,
   Solğun sifətini qırışlar kəsən
   Acıdil, tündməcaz qarıyam artıq.
   
   Öz zərgər işindən razı cəlladım
   Süzür dərimdəki qamçı yerini,
   Şallaq izlərini məmnun baxışla…
   Bağışla, ilahi, özün bağışla!
   
   1919
   

  Boris Pasternak
   
   Qış gecəsi
   (Yuri Jivaqonun şeirlərindən)
   
   Külək sovururdu, şırımlayırdı
   Qarı bu axşam.
   Masanın üstündə bir şam yanırdı,
   Yanırdı bir şam.
   
   Yay günü mığmığa, hünü topası
   Oda cumantək,
   Sovurub çırpırdı qar lopasını
   Şüşəyə külək.
   
   Ox-ürək rəsmiylə naxışlanırdı
   Şüşə durmadan.
   Masanın üstündə bir şam yanırdı,
   Yanırdı bir şam.
   
   Tavanda kölgələr solğun təlaşla
   Titrəşirdilər,
   Qol, qıç və talelər çarpazlaşıb da
   Cütləşirdilər.
   
   Və bir cüt başmaq da necə düşdüsə
   Taqqatan yerə,
   Damdı göz yaşığək paltarın üstə
   Mumdan bir gilə.
   
   Sovrulub gedirdi hər nə ki vardı
   Bu qarda tamam.
   Masanın üstündə bir şam yanırdı,
   Yanırdı bir şam.
   
   Və ehtiras odu, bucaqdan şamı
   Vurduqca külək
   Sanki xaçabənzər qoşa qanadı
   Gərdi mələk tək.
   
   Keçdi bütün fevral qarlı-boranlı,
   Tam bir ay müdam
   Masanın üstündə bir şam yanırdı,
   Yanırdı bir şam.
   
   1945
   

   Osip Mandelştam
   
   * * *
   İlahi, bu gecədən çıxart məni birtəhər:
   Öz quluna rəhm elə - qoyma ölə, ilahi!
   Peterburqda yaşamaq - ölümdən də betərdi!
   
   Yanvar, 1931
   
   * * *
   Nəhəng fil qulağında yaşayırıq sanki biz,
   Onca addım o yanda eşidilmir səsimiz.
   Qulaqları dəng edən o qaniçən, o alçaq -
   Kreml dağlısının səsi-sözüdür ancaq.
   
   Soxulcantək yağlıdır qapqara barmaqları,
   Qupquru kəlmələri pudluq çəki daşıdır.
   Tarakan bığlarının hey qımışır ucları,
   Par-par yanır, işarır çəkməsinin quncları.
   
   Boynuyoğun, heyvərə bir yığın vəkil, vəzir
   Gəzir həndəvərində hər əmrinə müntəzir.
   Fərman dalınca fərman, yollayır sola-sağa -
   Nallayır gah alına, gah gözə, gah qaşığa.
   
   Ürəyinə yağ kimi
    yayılır edam səsi,
   Və qabarır dağ kimi
    gen osetin sinəsi.
   
   1934
   

  Marina Svetayeva
   
   * * *
   Gedirsən, mənim oxşarım,
   Gedirsən - gözünü yerə dikərək.
   Mən də yeriyəndə yerə baxardım!
   Sən ey yoldan ötən, bir əylən görək!
   
   Bir az gül-çiçək dər, nəfəs dər bir an,
   Bir azca dinclik ver ayaqlarına;
   Bu qara torpaqda kimdi gör yatan,
   Nə qədər yaşadı bax ki Marina.
   
   Qəbir torpağıdır - tutur adamı,
   Unut qəbrimi də qəbir kimi sən…
   Mən də çox sevərdim
   sükut məqamı
   Açılam ürəkdən, güləm ürəkdən!
   
   Gün vardı, hər günüm yüz ilə təndi,
   Qıvırcıq tellərim düzlə, dağla bir…
   Mən də vardım,
   mən də yoldan ötəndim!
   Sən ey yoldan ötən, ayaq saxla, dur!
   
   Qopar bu yerlərin gül-çiçəyindən,
   Nə qədər istəsən moruq dər, apar -
   Dünyada qəbristan çiyələyindən
   İrisi, dadlısı çətin tapılar.
   Sergey Yesenin
   
    Anama məktub
   
   Söylə, qarıcığım, salamatmısan?
   Mən də salamatam. Salamlar sənə!
   Süzülüb qoy sirli axşam işığı
   O yastı daxmanın axsın üstünə.
   
   Yazırlar, gizlicə dolub dərd-sərə
   Yanırsan həsrətdən korun-korun sən;
   Nimdaş sırıxlında gündə yüz kərə
   Yoluna çıxırsan mən nankorun sən.
   
   Şər vaxtı gözlərin dolur təlaşla,
   Axşamın toranı durur qəsdinə;
   Guya meyxanada, dava-dalaşda
   Saplayır bıçağı kimsə köksümə.
   
   Əl çək, canım-gözüm, qəlbini didən
   Belə qarış-quruş xəyal-xülyadan.
   O qədər də əyyaş deyiləm ki, mən
   Səni görməyincə köçəm dünyadan.
   
   Mən dəyişməmişəm heç bir tikə də,
   Elə həminkiyəm - mehriban, həlim.
   Tək bircə arzum var - bitsin bu kədər,
   Yenə evimizə qayıdım, gəlim.
   
   Gələrəm, bağımız baharsayağı
   Ağappaq gül açıb çiçəkləyincə.
   Amma oyatma ha məni sübh çağı
   Oyatdığın kimi səkkiz il öncə.
   
   Rafael Alberti
   
   * * *
   Bilsəm də aclıq
   arzunu, istəyi udur, aparır -
   yenə əvvəlkitək oxuyam gərək;
   
   Bilsəm də məhbəs
   arzunu, istəyi didir, qoparır -
   yenə əvvəlkitək oxuyam gərək;
   
   Bilsəm də ölüm
   arzunu, istəyi puça çıxarır -
   mən yenə,
   yenə əvvəlkitək oxuyam gərək!
   
   
   * * *
   Bilirəm,
   hardasa savaşdır yenə.
   Bilirəm dünyanın harasındasa
   insanlar al qana bulaşır yenə.
   
   Susun!
   Bir anlığa susun, siz allah!
   Qoysanız unudam olub-keçəni?!
   Və qoy uzaqlara, lap uzaqlara
   aparsın, aparsın bu külək məni.…
   Andrey Voznesenski
   
    Qoyya
   
   Mən - Qoyyayam!
   
   Quzğun tək
   çılpaq çölə enərək
   mərmilərlə düşmənim
   gözlərimi yenidən didib çıxarmış mənim.
   
   Mən - dərdəm, müsibətəm.
   
   Mən - davanın, qırğının,
   qırx birin qarı üstdə
   kösövü tüstüləyən şəhərlərin səsiyəm.
   
   Mən - aclığam, qıtlığam.
   
   Mən - kimsəsiz meydanda
   kilsə zəngindən betər
   cəsədi yırğalanan
   o dardakı arvadın dartılan boğazıyam…
   
   Mən - Qoyyayam!
   
   Qisas dağarcıqları!
   Mən - qərbə sarı
   nalə-şivən kimi
   qəfil püskürən
   bir vaxtsız qonağın külüyəm, külü!
   Xatirə səmasına
   ən sərt ulduzları çaldım mıx kimi…
   
   Mən - Qoyyayam!