“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Bakıda “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsi çərçivəsində keçirdiyi dördgünlük seminarlar başa çatıb.
   UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən seminarlarda qadın yazarlar və rəssamlar bir araya gələrək müxtəlif mövzularda müzakirələr aparıblar. 30-dan çox yazıçı və rəssamın iştirak etdiyi seminarları ABŞ-ın Kaliforniya Dövlət Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva aparıb. 
   Seminarlar zamanı “Bərabərliyin imici”, “Problemli qadın bədii ədəbiyyatda” və s. mövzularda müzakirələr aparılıb, müxtəlif esse, hekayə və şeirlər yazılıb, bu əsərlərə rəsmlər çəkilib. 
   İlin sonunda yekunlaşacaq layihə çərçivəsində həmin əsərlərdən ibarət kitab-albomun nəşri, rəsm sərgisi və bədii qiraət gecəsinin keçirilməsi nəzərdə tutulur. 
   Şair-tərcüməçi Əlison Məndəvil Azərbaycanın istedadlı qadınlarının yaradıcı fəaliyyətinə dəstək verməkdən qürur duyduğunu bildirib. Amerikalı mütəxəssis deyib ki, qadınların seminar ərzində yaratdığı 60-dan çox əsər fərdi, kollektiv və qlobal dəyişikliklərin gücünü əks etdirir.