Azərbaycan xalçaları iyunun 28-də Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyində başlayacaq II Beynəlxalq Xalça Festivalında nümayiş olunacaq. 
   Festival Azərbaycan Xalça Muzeyinin sərgisi ilə açılacaq. Ekspozisiya bir ay davam edəcək. Festival iyunun 30-dan iyulun 2-dək isə Axaltsixe rayonunda Rabat qalasında davam edəcək.
   Festivalda Azərbaycan, İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Türkiyə və Gürcüstanın müasir xalçaçılıq nümunələri təqdim olunacaq.
   Tədbir çərçivəsində, həmçinin yerli və dəvət olunmuş ustalar ziyarətçilərə xalçaçılığın texnikası və müxtəlif mərhələlərini nümayiş etdirəcəklər. Ustad dərsləri ilə yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunacaq.
   Builki festival Tbilisi Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə, beynəlxalq aləmdə Gürcüstanın populyarlaşmasına yönəlmiş "Check in Georgia" hökumət layihəsi çərçivəsində keçiriləcək.