Sərgi bir həftə davam edəcək
İyunun 20-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın “Nuh yurdunun rəngləri” adlı fərdi sərgisinin açılışı keçirildi.
Tədbirdə giriş sözü söyləyən ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov Naxçıvan rəssamlarının ara-sıra paytaxtda sərgilər keçirdiklərini bildirdi. O, gənc rəssam H.Allahverdiyevanın yaradıcılığı, eləcə də müəllimlik fəaliyyəti haqqında fikirlərini söylədi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamı hələ tələbəlik illərindən tanıdığını, H.Allahverdiyevanın realist ənənələri layiqincə yaşatdığını, Naxçıvan mənzərələrini sevərək kətana köçürdüyünü vurğuladı, rəssamın gələcəkdə daha gözəl əsərlər yaradacağına inamını ifadə etdi.
Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva həmkarı H.Allahverdiyevanın zəhmətsevərliyindən, bölgədə təsviri sənətin yaşadılması yönündə gördüyü işlərdən söz açdı, gənc nəslə rəssamlıq sənətini layiqincə öyrətdiyini nəzərə çatdırdı. Ü.Həmzəyeva gələcəkdə başqa naxçıvanlı rəssamların da Bakıda sərgilərinin keçiriləcəyini vurğuladı.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev böyük rəssamlıq ənənəsinin olduğu Naxçıvanda bu gün də istedadlı fırça ustalarının yaşayıb-yaratdığını bildirdi. O, indi çox rəssamın realizmdən əl çəkdiyini, ancaq H.Allahverdiyevanın bu cərəyana sadiq qaldığını söylədi, ona yaradıcılıq uğurları dilədi.
Sonra tədbir iştirakçıları rəsmlərlə tanış oldular. Sərgidə rəssamın yağlı, eləcə də sulu boya ilə çəkdiyi 80-dək əsəri nümayiş olunur. O, yaradıcılığında mənzərə, portret, natürmort janrlarına üstünlük verir.
Bildirək ki, H.Allahverdiyeva 1981-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət bölümündə bakalavr və magistr təhsili alıb. 2005-ci ildən həmin universitetdə müəllim olaraq çalışır. 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır. 2014-cü ildən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamıdır.
S.Qaliboğlu