Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğam dəstgahı səslənib.
   Muğamın müxtəlif şöbə və guşələri xanəndələr - Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında dinlənilib. Onları xalq çalğı alətləri ansamblı (tarda Kamal Nuriyev, kamançada Elnur Salahov, bas tarda Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada Amil Mustafayev, balabanda Mirağa Murtuzov) müşayiət edib.
   Bildirilib ki, “Bayatı-Şiraz” muğamı yeddi əsas muğam dəstgahından biridir. Bu muğam dəstgahı bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınıb. Konsert muğamsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, “Muğam axşamları” layihəsinə mayın 6-dan “Rast” muğamının ifası ilə start verilib. İyunun 30-da layihə çərçivəsində “Şüştər” və “Hümayun” muğamları səslənəcək.