Xəbər verdiyimiz kimi, iyunun 22-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə Azərbaycan filmləri festivalına start verilmişdi. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, İtaliyadakı səfirliyimiz, AZƏRTAC agentliyi, “Casa del Cinema” kino evi, İtaliya-Azərbaycan Ticarət Palatası, “AGI” informasiya agentliyi və “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə keçirilən festival üç gün davam edib.
   Açılış mərasimində ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli , Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze, məşhur italyan rejissoru və ssenaristi, “Oskar” və BAFTA mükafatları laureatı Cianni Kuaranta və italyan professor, “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” kitabının müəllifi Romolo Erkolino çıxış ediblər.
   Rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş edilib.
   Festivalın ikinci günü Bakı Media Mərkəzi tərəfindən hazırlanan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına ezam edilmiş nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi təqdim olunub. Arzu Əliyevanın baş prodüseri olduğu ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlib. 
   Filmin nümayişindən öncə səfir Məmməd Əhmədzadə və Roma Sapienza Universitetinin müəllimi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə italyan tədqiqatçı Daniel Pommier çıxış ediblər.
   Həmin gün festival “Pərdə”, “Yarımçıq xatirələr” və “İçərişəhər” bədii filmlərinin nümayişi ilə davam etdirilib. “İçərişəhər” filminin nümayişindən öncə festivalda iştirak edən həmin filmin ssenari müəllifi və baş rol ifaçılarından biri Təhminə Rafaella çıxış edərək film barədə məlumat verib.
   Festivalın sonuncu günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Bir günəş altında” sənədli filmi nümayiş olunub. 2016-cı ildə ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində ərsəyə gəlmiş ekran əsəri Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir. 
   Filmin nümayişindən əvvəl səfir Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliyadakı təmsilçisi Sandro Teti çıxış ediblər.
   Həmin gün Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filmi də nümayiş etdirilib.
   Ekran əsərinin təqdimatından əvvəl Məmməd Əhmədzadə və İlyas Əfəndiyevin nəvəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək ədibin yaradıcılığının Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini, “Hökmdarın taleyi” filminin ümummilli lider Heydər Əliyevin Xalq yazıçısının xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamına müvafiq olaraq çəkildiyini bildiriblər. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə İlyas Əfəndiyevin 100 illik yubileyinin Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi vurğulanıb. Çıxışlarda filmin mövzusu, tariximizin mürəkkəb dövrlərindən birini (Azərbaycanın şimal və cənuba bölünməsi) əhatə edən hadisələr, Qarabağın tarixi və həqiqətləri barədə məlumat verilib.
   Festivalın üçüncü günü “Azərbaycanfilm” kinostudiyasında Qarabağ müharibəsi mövzusunda lentə alınmış “Nabat” bədii filminin nümayişi ilə davam edib.
   Festival “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı ilə başa çatıb.
   İki ölkə arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin kino mədəniyyətini İtaliyada təbliğ etmək, həmçinin İtaliya ictimaiyyətini ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etmək məqsədilə təşkil olunmuş festival böyük marağa səbəb olub, yerli mediada məlumatlar dərc olunub.