Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının (The Associates of the American Foreign Service Worldwide) təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin əsas zallarından biri olan Corc Marşal auditoriyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.
   Assosiasiyanın proqram direktoru Şeyla Svitzer çıxış edərək filmin Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkildiyini və iki gənc arasında yaşanan sevgi hekayəsindən, I Dünya müharibəsi dövründə Azərbaycanda, eləcə də, ümumilikdə Qafqaz regionunda baş verən hadisələrdən bəhs etdiyini qeyd edib.
   Assosiasiyanın prezidenti Coanna Asanasopoulos Oven filmin ABŞ Dövlət Departamentində nümayişi üçün göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib. O, “Oskar” mükafatçısı Asif Kapadianın rejissoru olduğu filmdə məşhur kino ulduzlarından Mendi Petinkinin, Adam Bakrinin, Mariya Valverdenin və Halit Ergençin yer aldığını diqqətə çatdırıb.
   Səfir Elin Süleymanov çıxış edərək “Əli və Nino” romanının tarixi əhəmiyyətindən danışaraq azərbaycanlı və gürcü gənclərin birgə və azad yaşamaq üçün mübarizə apardıqlarını, Azərbaycanın müstəqilliyi naminə böyük qurbanlar verdiklərini və bunun da hazırkı gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıb. Diplomat, filmdə də göstərildiyi kimi, dövlət müstəqilliyinin həm Azərbaycan, həm də Gürcüstan xalqları üçün qürur mənbəyi olduğunu bildirib, roman əsasında çəkilmiş “Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyevaya, eləcə də yaradıcı heyətə minnətdarlığını bildirib.
   Filmin təqdimatında Dövlət Departamentinin əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər və ictimai xadimlər iştirak ediblər.