Sultan Mərzili
   
   Ney
   
   Həyatımı
   Sənət bilib sözə qatanda,
   Bahalığı bilmirdim.
   Dişimlə, dırnağımla,
   Qayaları çapanda,
   Gecəni gündüzə qatanda,
   Himalaydan o yana
   Bir zirvəyə çatanda,
   Tənhalığı bilmirdim.
   
   Bir bucaqsız sevgidən
   Başımın altına yastı daş qoyub,
   Şirin-şirin yatanda,
   Ayrılığı bilmirdim.
   
   Göyləri görəndə
   Havanın azlığından
   Ciyər-ciyər göynəyi bilmirdim.
   Çılın-çılpaq
    gələndə bu dünyaya
   Qalstukum o yana,
   Köynəyi də bilmirdim.
   Gecdir!
   Hər şeyi bildim artıq,
   Hər şey heç nəyə döndü,
   Mən nəyi bildim artıq?!
   Atın,
   Zurna-balabanı
   atın o yana,
   Mən Neyi bildim artıq!
   
   13.06.2007.
   
   Nöqtələr…
   
   Ömürdən o yana
    düşən nöqtələr,
   kim bilir bəlkə də ikidi, üçdü?!
   Kim bilir, bəlkə də nöqtə yerinə
   Qopdu fəlakətlərin ulduzu düşdü!
   
   Ömürdən o yana nə varmış Allah,
   Cənnət və pərilər, isti və rahət?!
   Hər kəs öz yaşıyla suvarmış Allah
   Bu tale deyilən göyərsin əlbət.
   
   Ömürdən o yana ömür istəsəm,
   Sanasam dünyanın qitələrini.
   Allahım, verdiyin bu ürək bəsim,
   Kim bağlar, kim açar nöqtələrini?!
   
    15.07.2007.
   
   
   İnəklər klipi
   
   İnəklər oxuyur
    yaşıl çəməndə,
   Bu il otları bol, suları boldu.
   Səhər açılanda, axşam düşəndə,
   İnəklər çəmənin bülbülü oldu.
   
   Boğazda zınqırov,
    dırnağı laklı,
   Buynuzu qotazlı, nazlı inəklər.
   Qulağı sırğalı, quyruğu şaxlı,
   Baxışları xumar, gözlü inəklər.
   
   Balıqlar havada, dənizlər torda,
   Abırsız səhnədə, həyalı gorda.
   İnəklər çölləri tərk edib artıq,
   İnəklər oxuyur televizorda.
   
   2007
   
   Yol imiş bu dünya
   
   Gülü,
   çiçəyi alınmış,
   Çınqıl-çınqıl daş tökülmüş,
   Hamarca bir yol imiş,
   Yol imişmi bu dünya?!
   Qürbətdən Vətənə,
   Vətəndən qürbətə,
   Bələkdən kəfənə,
   Ya torpaqdan türbətə
   Yol imişmi bu dünya?!
   
   Ağaclar hara qaçır,
   O dağlarhara qaçır?!
   Gözüm yetişə bilmir,
   Damlalar hara qaçır?
   Zülməti görmək üçün
   Ulduzlar hara qaçır,
   Ulduzlar haray saçır,
   Yol, yol imiş bu dünya?!
   
   13.06.2007. Bakı-Moskva
   
   
   Heyratılar
   
   Mat
   
   Altmış dörd xanəsi olan mat istər,
   Biyabanda qalan ağlar, at istər.
   Allah-allah! Göydə quyruq doğanda,
   Hər kəs ağız açıb mükafat istər!
   
   Ayıb
   
   Batdı getdi yenə o ay, bu çıxdı,
   Kəsdi ömrümüzü, bu Ay, bıçaxdı.
   Neçə eyibləri yer də örtmədi,
   Qalxdı baş daşıtək ayıbı çıxdı!
   
   Qəlb
   
   İnsana baxanda qəlbi görünər,
   Təmizi görünər, qəlpi görünər.
   O başı aşağı insanlara bax:
   Necə də ucadır, qəlbi görünər!
   Ocaq
   
   Mən ilham pərisi qoydum adını,
   Gözəllər qaçmasın bucağımızdan.
   Bir seyyid ocağı saxlar odunu,
   Ha od aparsalar ocağımızdan!
   
   İsa
   
   Ey ulu peyğəmbər, Həzrəti İsa,
   Şəninə tikilmiş min bir kəlisa.
   Dinlədim dalbadal zəng səslərini,
   Gördüm haraylayır: İsa, gəl İsa!
   
   Koroğlu
   
   Qır atı, Dür atı, Nigarı vardı,
   Yol kəsən, baş kəsən, nə karı vardı?!
   Qaldı qeyrət səsi, sözü-söhbəti,
   Qılıncı-qalxanı illər apardı!
   
   Yuxular
   
   Hər gün bir az tez durum,
   Ömrü uzatmaq üçün.
   Bu dünyadan köçəndə
   Yıxılıb yatmaq üçün!
   
   Xoşbəxtlik
   
   Xoşbəxtlik hardadır, gəz axtar belə?!
   Baxınca görünməz, göz içindədir.
   Peyğəmbərlər deyə, alimlər bilə,
   Xoşbəxtlik hər kəsin öz içindədir.
   
   Sözlər
   
   Yazdım bu sözləri göz yaşım ilə,
   Gör nə ətri gəlir, göz yaşın iylə?!
   Bəlkə məlhəm oldu yaralarıma,
   Bəlkə, bir sirri var, sirdaşın eylə!
   
   Hava
   
   Hava çal, rəqqası oynatmaq üçün,
   Yatanı yuxudan oyatmaq üçün.
   Mey süzün, kef edək, yeyib-içək biz,
   Qaçılmaz ölümü unutmaq üçün.
   
   Keçi
   
   Məşhur bir alimdir Tərs Keçi idi,
   Zəkası arxacdan dürr seçir indi.
   Sürülər qurşanıb müəllimliyə,
   Qoyunlar Çobana dərs keçir indi!
   
   Ağrı
   
   O qayalar mənim möhür daşımdı,
   O bulaqlar mənim qüsl yaşımdı.
   O ağ buludları kəfən eyləyin,
   Dəlidağın qarı ehsan aşımdı.
   
   Həyat
   
   Bu həyat gözümdə iki damladı,
   Axdı sifətimdən biri qalmadı.
   O dünya, bu dünya qoşa tərəzi,
   Nə çəkdim, nə qoydum, gözü dolmadı.