Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib. 
   Tədbirdə oxucular və şəhər sakinləri “Yay+Kitab=Mən” başlığı altında tərtib olunan səyyar sərgi ilə tanış olublar. Bundan əlavə, yazıçı Hüseyn Abbaszadənin 95 illiyi ilə əlaqədar təşkil edilmiş kitab sərgisi haqqında məlumat verilib.
   Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar. Nihad Məmişovun tarda ifası təkcə oxucuları deyil, şəhər sakinlərinin də marağına səbəb olub.
   Yay mövsümü ilə əlaqədar olaraq kitabxana kollektivləri tərəfindən açıq səma altında silsilə tədbirlər davam edəcək.