Müstəqillik dövründə, xüsusilə son on ildə ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılıb. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur - rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana səfər etməsinə vəsilə olub. 
   Azərbaycanın təbiəti, zəngin mətbəxi, ən əsası isə, ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.
   Azərbaycan dövləti turizm sənayesini qeyri-neft sektorunun prioritet sahələrindən hesab edərək bu sahənin inkişafını diqqət mərkəzində saxlayır. Son bir neçə ildə turizmin sistemli şəkildə tərəqqisini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması, Azərbaycan Turizm Şurasının, Milli Turizm Təbliğat Bürosunun yaradılması, habelə Bakıda ilk dəfə olaraq Şopinq festivalın keçirilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin bariz nümunəsidir.
   Turizm sənayesinin inkişafına yaradılan şərait, Mədəniyyət və Turizm Nazirliyinin bir sıra ölkələrdə turizm nümayəndəliklərinin fəaliyyət göstərməsi ölkəmizə turist axınının ildən-ilə artmasına səbəb olub. 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir.
   Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyədən ölkəmizə 138 min 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.
   Qeyd etmək lazımdır ki, cari ildə ərəb ölkələrindən Azərbaycana səfər edənlərin sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında ölkəmizə Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist gəlib.
   Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.