Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülüb. O, müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.
   Firuzə Nəcəfli Bakı şəhərində anadan olub. 2006-cı ildə Rafiq Babayev adına Uşaq musiqi məktəbini, 2009-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Məktəb-studiyanı (professor Tərlan Seyidovun sinfi), 2013-cü ildə Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsini, 2015-ci ildə isə akademiyanın magistraturasını fərqlənmə diplomu ilə bitirib. 
   Bir sıra müsabiqə və festivallarda uğurla iştirak edib. Ferens List adına Beynəlxalq festivalda diploma layiq görülüb. Qara Qarayev adına I Respublika elmi-ifaçılıq müsabiqəsinin diplomantı, Tələbə teatr festivalının “Üzeyir Hacibəylinin operettalarının ən yaxşı ifaçısı” nominasiyası üzrə qalibi olub.