Qazax rayon MKS-nin Mərkəzi kitabxanası “Səyyar kitabxana” layihəsi çərçivəsində şəhərdəki Səməd Vurğun adına parkda kitab sərgisi təşkil edib. 
   Açıq havada keçirilən belə tədbirlərin əhalinin və rayona gələn qonaqların məlumatlandırılmasında və kitabxanalara yeni oxucu cəlb edilməsində böyük əhəmiyyəti var. Yay mövsümündə əhalinin istirahət etdiyi ərazilərdə bundan sonra da bu tipli tədbirlər təşkil olunacaq.
   * * *
   Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi iyulun 3-dən 7-dək “Kitab aləminə səyahət” adlı mütaliə həftəsi təşkil edib.
   Şöbənin əməkdaşları Elnarə Məmmədova, Vəfa Məmmədova və Xəyalə Müslümova balacalara “Məlikməmməd”, “Əhmədin nağılı” xalq nağılları və Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” əsərini oxuyub, C.Barrinin “Piter Pen”, A.Lindqrenin “Balaca və Karlson”, “Uzuncorab Pippi”, A.Tolstoyun “Qızıl açar və ya Buratinonun macəraları” və s. kitablar üzrə icmallar keçiriblər.
   * * *
   Quba rayon MKS-nin Mərkəzi kitabxanası və Quba Turizm İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki “Edem” istirahət mərkəzində “Səyyar kitabxana” xidməti keçirilib. Tədbirdə milli-mənəvi dəyərlərimizə, tariximizə, bədii ədəbiyyatımıza, mədəniyyətimizə, xalq yaradıcılığına dair ümumilikdə 140-a yaxın adda ədəbiyyat nümayiş etdirilib. Təbliğat xarakterli sərgi rayon sakinləri və xarici turistlər tərəfindən maraqla qarşılanıb.