İlin yarısında İsmayıllı regional idarəsinin əhatə etdiyi rayonlara 157 mindən çox turist gedib
   
   Ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar regionlarda da öz müsbət təsirini göstərməkdədir. Bölgələrimizdə xidmət səviyyəsini ildən-ilə yüksəldən turizm müəssisələri fəaliyyət göstərir. Bu da həmin turizm mərkəzlərində istirahət edən həm yerli, həm də xarici turistlərin sayının artmasına səbəb olur.
   Geniş turizm potensialı ilə seçilən bölgələrdən biri də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə daxil olan rayonlardır. Bunu bölgəyə artan turist səfərləri də sübut edir. Belə ki, 2017-ci ilin yanvar-iyun aylarında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarına ümumilikdə 157 mindən çox turist səfər edib. Onlardan təxminən 58 mini xarici turistlər olub. 
   Regional idarə üzrə rayonlardan ən çox turist Qəbələyə üz tutub - 95 mindən çox. Bu müddət ərzində Şamaxıya 32 min, İsmayıllıya 23 mindən çox, Qobustan rayonuna isə 6 minə yaxın turist gəlib.
   Xarici turistlər əsasən Türkiyə, Rusiya, Koreya, eləcə də Avropa, Orta Asiya və ərəb ölkələrinin vətəndaşlarıdır.
   
   Fariz Hüseynov