“Bakıda və bölgələrdə yeni hotellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”
   
   Bu il turizmin inkişafı bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
   Prezident vurğulayıb ki, ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər də Azərbaycana marağı artırır: “Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq”. 
   Dövlət başçısı bildirib ki, bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Prezident bu sırada Bakıda V Qlobal Forumun, IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edib: “Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar, əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə öz töhfəsini verməkdədir”.
   Prezident may ayında Bakıda gerçəkləşən IV İslam Həmrəyliyi Oyunlarını da xüsusi qeyd edib: “Biz həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik, minlərlə idmançı, qonaq bizim gözəl Bakı ilə tanış olub, şəhərimizə, ölkəmizə heyran qalıb. Bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədədir. Ölkəmizdə keçirilmiş bu tədbirlər, - mən ancaq əsas tədbirləri qeyd etdim, - əslində, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir”.
   Vurğulanıb ki, paytaxtda sosial infrastruktur layihələri, yeni parkların salınması davam etdiriləcək: “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək. Bu ərazi yaşıllıq zonası olacaq. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir”.
   Dövlət başçısı deyib ki, xüsusilə Bakıda və bölgələrdə yeni hotellərin tikilməsinə böyük ehtiyac var: “Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”.
   Prezident diqqətə çatdırıb ki, bu ilin birinci yarısında sahibkarlara güzəştli şərtlərlə 63 milyon manat kredit verilib. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. 
   Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var.
   Diqqətə çatdırılıb ki, ilin ilk 6 ayında ölkənin qeyri-neft iqtisadiyyatı 1,7 faiz artıb: “Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz. 
   Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb.
   Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək”.
   Prezident bildirib ki, növbəti dövr üçün prioritetlər dəyişməz qalır: “Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir.
   Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da fəal olmalıdırlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək”.