İyulun 13-də Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku (Dan Iancu) və səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan Milli Kitabxanasında olublar. 
   Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlarla görüşdə iki ölkə arasında mədəni əlaqələrdən bəhs edib, sentyabr ayında Bakıda keçiriləcək V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Rumıniyanın da iştirak etməsini alqışladığını deyib. Direktor tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Milli Kitabxanası arasında imzalanması planlaşdırılan anlaşma memorandumunun əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb.
   Səfir sərgi-yarmarkaya Rumıniya Milli Kitabxanasının baş direktorunun rəhbərliyi ilə nümayəndə heyətinin qatılacağını diqqətə çatdırıb. Bildirib ki, kitabxananın əməkdaşı sərgi-yarmarka çərçivəsində təşkil olunacaq “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edəcək.
   Direktor Kərim Tahirov bu xüsusda qonaqları maraqlandıran sualları cavablandırıb. O, həmçinin Rumıniya Milli Kitabxanasında Azərbaycana dair bir sıra qiymətli əlyazmaların olduğunu, lakin mütəxəssis olmaması səbəbindən onların araşdırılmadığını qeyd edib. O, gələcəkdə Rumıniyaya bu məsələ ilə bağlı mütəxəssisin göndərilə biləcəyini, həmin əlyazmaların araşdırılmasının hər iki kitabxana üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
   Görüşün sonunda qonaqlara kitablar hədiyyə edilib. Səfir də rumın dilində kitabları Milli Kitabxanaya hədiyyə edib.