Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (AHTTSA) QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı "Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimullaşdırılması” layihəsi çərçivəsində daha bir tədbir iyulun 6-7-də Lerik rayonundakı "Relax" istirahət mərkəzində həyata keçirilib.
   İctimai birlikdən verilən məlumata görə, layihəyə Sumqayıt şəhərindən əlaçı şagirdlərdən ibarət 30 nəfərlik heyət və Lerik rayonunun orta məktəb şagirdləri cəlb olunub. 
   “Turizm və qonaqpərvərlik” mövzusunda təşkil edilən təlimlər şagirdlərdə böyük maraq oyadıb. Onlara Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin tədris nəşrləri, turizm haqqında elmi məqalələr toplusu və turizm terminlərinə dair vəsaitlər paylanılıb.
   Təlimin son günü rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev şagirdlərə diplom və fəxri fərmanlar təqdim edib. Səfər müddətində şagirdlər arasında maraqlı intellektual idman oyunları keçirilib. Sumqayıt yeniyetmələri həmçinin Lerikdəki Heydər Əliyev Mərkəzi, Uzunömürlülər və Tarix-diyarşünaslıq muzeylərinə ekskursiyalarda iştirak ediblər.