Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonu Masazır qəsəbəsindəki “Məzun evi” sosial müəssisəsində mənzillə təmin edilmiş valideyn himayəsindən məhrum gənclərin məşğulluğunun artırılması məqsədilə xalça və tikiş sexləri təşkil edilib. 
   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə birlikdə xalça və tikiş sexləri ilə tanış olub.
   Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün yaradılan “Məzun evi” Prezident İlham Əliyevin onlara xüsusi qayğısının və Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. Hazırda 120 mənzilli daha bir “Məzun evi” yaşayış binasının tikintisi aparılır.
   Yeni binaya köçən gənclərin bir çoxu ailə həyatı qurub. Bu gənclərin yaşayışı daim diqqət mərkəzində saxlanılır, onların cəmiyyətə fəal inteqrasiyası, məşğulluğu sahəsində tədbirlər görülür. Xalça və tikiş sexlərinin yaradılması da “Məzun evi”nin sakinlərinin məşğulluq təminatının həlli məqsədinə xidmət edir. Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin yardımı ilə yaradılan xalça sexində 18, tikiş sexində isə 10 məzun işləyəcək.