Haruki Murakami 1949-cu ildə Yaponiyanın Kyoto şəhərində dünyaya gəlmişdi. Atası bütpərəst keşiş, anası ədəbiyyat müəllimi olan Haruki erkən yaşlarından ədəbiyyata meyil göstərib. Tokionun Vaseda Universitetinin ədəbiyyat fakültəsini bitirmiş yazıçı təhsil illərində üslubların dərin sirlərini öyrənib və gənc yaşlarından kitablara, xüsusən Qərb ədəbiyyatına meyil göstərib. Tale yollarında nicat ümidi ilə yaşayan Murakaminin qəhrəmanları sanki daimi axtarışdadırlar. Onun qəhrəmanlarını ilk baxışdan sanki hər hansısa eyniyyət, ortaq məqsəd axtarışı birləşdirirmiş təəssüratı yaradır. Fəlsəfi-psixoloji janrın banilərindən sayılan Haruki Murakami 20-ci əsr ədəbiyatında özünü istiqamətləndirməyi tam mənasında bacarmışdır.
   
   İlk əsərdəcə uğur və beysbol
   
   İlk əsəri olan "Pinbol-1973" 1985-çi ildə işıq üzü görür və bir vizit kartı kimi onun adını müasir dünya ədəbiyyatına yazdırır. Elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması Murakaminin dünyada məşhur olmasının səbəblərindən biridir. Maraqlıdır ki, yazıçı "Pinbol-1973" əsərini 29 yaşında - beysbol matçını izləyərkən yazmağa qərar verib. Kiçikhəcmli "Tonu Takitani" əsərini isə həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə iri "Tony" yazısı olan sevimli köynəyindən və İkinci Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanaraq ərsəyə gətirmişdir. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər. Lakin yazıçını dünyaya tanıdan və özü haqda gen-bol danışdıran kitabı 16 dilə çevrilmiş "Qeyri-mümkünün mahnısı” olmuşdur. 1995-də nəşr olunan "Zemberək quşu" kitabı isə növbəti il Yomiuri Ədəbiyyat Mükafatını da qazanmışdır.
   
   Sürrealist
   
   Haruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların qabarıqlığı aydın görünür. Yazıçı bir çox müsahibələrində bildirir ki, bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitməsinə qərar verə bilmir. Onun fikrincə, hər kəs reallığı onun əsərlərindən istədiyi, gordüyü formada tapmış ola bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.
   Yazıçının "Norveç meşəsi" əsərində həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqsızlıqlar, cəmiyyətin əyər-əksikləri açıq-aydın göstərilir. Müəllif əsərlərində psixologiya, fəlsəfə, detektiv, elmi-fantastika kimi janrların sintezini yaratmaqla, kütləvi oxucu rəğbətini qazanmışdır. O, realist yapon yazıçılarını nəzərdə tutaraq deyir:
   "Onlar cavabları və gəlinən nəticələri sevirlər, lakin mənim hekayələrimdə bunlar yoxdur. Mən hekayələrimi hər cür nəticəyə açıq buraxmaq istəyirəm. Hesab edirəm oxucularım bunu anlayırlar".
   
   Qərb
   
   Yazıçının mürəkkəb ziddiyyətli düşüncələri, şərqli yazıçının Qərb dünyagörüşü çoxlarının marağına səbəb olur. Vətənində Murakami hər zaman qeyri-adiliyə aludə, (bunu fəlsəfi-psixoloji romanlarında da əks etdirir) həm Qərb, həm Şərq oxucusunu qazanmağı bacaran, daimi həqiqət axtarışında olan, yüksək mənəvi və fəlsəfi dəyərlərlə zəngin ədib kimi tanınır. Təkcə “Vəhşi qoyun təqibi” hekayəsini oxumaqla yazıçının dünyagörüşünün fərqliliyi üzə çıxa bilər. Hekayə məkanını Yaponiyadan götürür, qəhrəmanları yapondur, amma ortada yaponlara xas kimono geyən, geyşalar, bonzai kimi şeylər yoxdur. Əksinə, burada 20-30 yaşlardakı oxuculara ‘Sistemə uyğun gəlməyi rədd edən bir inkarçı” yazıçının qərbpərəst duyğuları hiss olunur. 1968-69-da ölkəsindəki tələbə hərəkatının iştirakçısı olan, hər hansı bir şirkətə və ya sistemə aid olmadan, müstəqil yaşamağı seçən Murakaminin ənənələrə bağlı yapon cəmiyyətində müstəqil yaşamaq istəyən gənclər tərəfindən sevilərək oxunması təəccüblü deyil.
   "Murakami amerikan romanları yazan bir yapon yazıçısıdır" qənaəti də elə onun bu tip fikirlərindən doğur. Bu “amerikalılıq” isə, əslində, Murakaminin əsərlərində alışdığımız ənənəvi yapon həyat formasının təsvir edilməsi ilə daha çox bağlıdır. Murakaminin qəhrəmanları ənənəvi yapon romanlarındakı qəhrəmanlardan fərqlidir. Onlar müstəqil, xəyal qurmağı sevən, ağıllı, amma içinə qapalı, yaşadıqları cəmiyyətdən ayrı dayanma meylində olan və ailə, sədaqət, işçi əxlaqı kimi ənənəvi yapon dəyərlərini mənimsəməyən kəslərdir. Murakaminin özü isə deyir:
   "Anamla atam daim yapon ədəbiyyatından bəhs edirdi. Buna nifrət edirdim. Ona görə xarici ədəbiyyatı - Çexovu, Dostoyevskini, Floberi, Dikkensi oxuyurdum. Daha sonra yüngül amerikan romanlarına maraq saldım, detektiv hekayələri, elmi-fantastik romanları oxumağa başladım”.
   
   Caz və ədəbiyyat
   
   Murakami heç bir zaman Qərb mədəniyyətinə, xüsusilə musiqisinə heyranlığını gizləməyib. Musiqi onun həyatında və əsərlərində əhəmiyyətli bir yer tutur. Murakami uşaqlığından əldə etdiyi tranzistorlu radiosuyla Elvisi, Boysu, Bitlsi dinləyərkən istirahət etdiyini belə izah edir: "Bu həyəcanverici aləm mənim həyatımın bir parçası oldu”.
   Hələ tələbəykən o, caz-kafe də açır, caz barədə məqalələr də yazır...
   Murakami caza sevgisinin yaradıcılığına təsir etdiyini bildirir.
   “Davamlı bir melodiya axtarışındayam. Başladığımda, bəzən dayana bilmirəm. Bu suyun qaynaqdan çıxması kimi bir şeydir. Təbii, asan bir şəkildə ortaya çıxır. Caz musiqisini çox diqqətli və sıx bir şəkildə dinlədiyim üçün bu ritm faktı mənim bir parçama çevrilir. Roman və hekayələrimi yazarkən də bir ritmi hiss edirəm".
   
   «Kafka sahildə»
   
   ""Dünyada bu qədər çox boş yerlər olduğu halda, var ola biləcəyin, sənə bəs edəcək kiçicik bir yer belə tapa bilməzsən. Səsləri axtardığın halda, qarşına çıxan səssizlik olur. Səssizliyi arzuladığında isə dayanmaq bilməyən uğultu başlar. Bu səs, zamanı gəldikcə, sənin beynindəki gizli düyməni basar"". (“Kafka sahildə” romanından)
   Haruki Murakaminin "Kafka sahildə" romanı üzvi surətdə bir-birinə bağlı insan hekayələrindən ibarətdir. Özünə Kafka adı qoyan 15 yaşlı Tamura bir gün evdən qaçır. O hələ ibtidai məktəb şagirdiykən atasının beyninə pıçıldadığı nəsihətlərdən çox uzaqlara qaçmağı qarşısına məqsəd qoyur. Lakin qaçdığını zənn edərkən nəsihətlər daim onu təqib edir. Qaçışdan sonra o, Kavamura kitabxanasına gedib daim kitab oxuyur. Bir müddət sonra kitabxanada vəzifəli, normal cinsi mənsubiyyəti olmayan Oşimayla tanış olur.. Oşima, Kafkanın içində olduğu çarəsiz vəziyyəti və lənətləndiyini anlaya bilən yeganə insandır. O, Kafkanın kitabxanada işə götürülməsini təmin edir. Gənc Kafka ani surətdə əsəbi vəziyyətə düşə bilir.
   Nakata adlı yaşlı bir adam pişiklərlə danışma qabiliyyətinə malikdir. Gündəlik həyatda insanlarla qura bilmədiyi ünsiyyəti pişiklərlə qurmaqdadır. Onun günlərlə şüursuz qalmasına səbəb uşaqkən yaşadığı və açıqlaya bilmədiyi bir hadisədir.
   Bu bir-birindən ayrı iki qəhrəmanın həyatı romanın bir yerində sirli bir cinayətlə kəsişir: bıçaqlı Nakatadır, əlləri qana bulaşan isə kilometrlərlə uzaqda olan Kafka.
   
   Murakami qaçışda
   
   Murakaminin həyatı illərinə nəzər saldıqda, təsəvvürümüzə daim qaçış vəziyyətində olan adam gəlir. Yazıçının fikirincə, insan iki ildən çox olmamaqla bir yerdə yaşamamalıdır. O özü bu fikrinə əməl edir. Murakaminin bu yanaşmasının bilvasitə öz əsərlərində də əks olunduğunu söyləyə bilərik. "Yaponiyada yaşayarkən yapon cəmiyyətini o qədər də sevmirdim və ölkə xaricinə çıxmaq istəyirdim".
   
   Bu “qaçışlar” ona həm də əsərlər yazdırır
   
   1987-ci ildə İtaliya və Yunanıstanda da olan yazar burada əvvəl “Qeyri-mümkünlüyün mahnısını”, sonra “Dance Dance Dances” romanlarını yazır. “Qeyri-mümkünlüyün mahnısı” əsəri metafizik elementləri saxlamayan, sadə bir gənclik və romanıdır. Burada naməlum, amma hər şeydə hiss edilən bir həsrət duyğusu hakimdir. Bu kitabla özünü «test etmək» istədiyini söyləyən Murakami etiraf edir:
   "Heç belə real olan, sadə, romantik sayıla biləcək bir əsər yazmamışdım".
   Yazıçı Yaponiyaya qayıtdığı il bu əsəri 2 milyon nüxsə ilə satılır. Ona bu qədər maraq göstərildiyindən narahat olan yazıçı bu dəfə də Avropaya qaçır.
   Murakami 1990-ci ildə yenidən vətənə dönür və heç nəyin dəyişmədiyinin şahidi olur.
   "Şər iqtisadiyyatının zirvədə olduğu bir zaman idi və hər kəsin bəhs etdiyi tək şey pul, pul, pul idi. Biz belə bir cəmiyyətə nifrət edirik və buna görə Yaponiyada on ay qaldıqdan sonra ABŞ-a getdik".
    Amerikada keçirdiyi günləri isə bu şəkildə ifadə etmişdi:
   «Ölkə xaricinə çıxdığımda özümdən bir yazar olaraq nə olduğumu soruşmağa başladım. Yaponca yazdığıma görə, mən bir yapon yazıçısıydım, lakin şəxsiyyətim nə idi?»
   Bu fikirlə o, az qala dünyanın yarısını gəzib - elə öz əsərləri kimi...
   
   Ştrixlər
   
   - Yaponiyada yapon olaraq qəbul edilməyən yazıçının öz vətənində təkcə “Norveç ağaçı” əsəri 9,2 milyon nüsxə satılıb.
   - Murakaminin əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
   - Yaşayan yapon yazarları arasında dünya dillərinə ən çox çevrilən romançı adını da əlində tutan Haruki Murakaminin 5 illik fasilədən sonra üzə çıxartdığı romanı "1Q84" ilk gündə 480 minlik satışla qarşılanıb.
   - «Murakaminin əsərləri oxucuda asılılıq yaradır». (“Independent” qəzeti).
   Nəşriyyat rəhbəri: "Bu inanılmazdır. İnsanlar Murakaminin son romanı üçün ölür"
   Nəhayət, H.Murakaminin özü: "Mən əcaib hekayələr yazarıyam. Əcaibliyi yazmağı sevməyimin səbəblərini bilmirəm. Səhər 6-da oyanıram və axşam 10-da yatıram. Çox realist bir insanam. Lakin yazarkən əcaib şeylər yazıram. Bu, çox qəribədir. Mən ciddiləşdikcə, yazdıqlarım əcaibləşir. Cəmiyyət və dünya gerçəkləri haqqında yazmaq istədiyimdə ortaya əcaib bir şey çıxır. Bir çox insan məndən bunun səbəbini soruşur və mən buna bir cavab verə bilmirəm".
   
   Sabutay