Yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
   
   Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub. Tədbirdə qeyd olunub ki, muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müvafiq mövzularda yazı və rəsm müsabiqələri təşkil olunur. “Ailə dəyərlərimiz film və fotolarda” II yaradıcılıq müsabiqəsi də Azərbaycan ailəsinin tarixi dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 34 nəfər 106 film və foto təqdim edilib.
   Müsabiqənin qaliblərinə dövlət komitəsi və Gənclər Fondunun diplomları, hədiyyə və pul mükafatları təqdim edilib. Sonra təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olub, “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film nümayiş etdirilib.