Məmur oğlu olaraq 1812-ci ildə (7 fevral) dünyaya göz açan Dikkensin ilk illəri rifah içində keçsə də, atası borcları üzündən həbsə düşür və beləliklə gələcək yazıçı səfalətli həyata qədəm qoyur. Hələ 11 yaşında ikən boya fabrikində çalışmaq məcburiyyətində qalır. 15 yaşında bir vəkilə köməkçi olan gənc Dikkens, boş zamanlarında stenoqrafı öyrənir. 1835-ci ildə yerli qəzetə stenoqraf olaraq işə daxil olur və 1835-ci il də "Poz" ləqəbi ilə “Pozun qaralamaları” rubrikasında qeydlər yazmağa başlayır.
   1837-ci ildə onu yazıçı kimi tanıdacaq “Pikvikin macəraları” adlı kitabı çap edilir. Həmin il ailə həyatı qurur və 1840-cı ildə ölən baldızı Maryaya ithaf etdiyi “Antikvar dükanı” romanını dərc etdirir. Sonra isə hamımıza yaxşı tanış olan “Oliver Tvistin macəraları” işıq üzü görür.
   1840-cı ildə Amerikaya gedir və burada böyük bir coşquyla qarşılanır, amma burada yazdığı “Amerika qeydləri” özünü o qədər də doğrultmur. 1843-1846-cı illər arasında kifayət qədər səyahət edən Dikkens, bu səyahətlərdə dövrünün məşhur yazıçılarıyla tanış olur. Bu dövrdə “Daily News” qəzetini və “Household Words” jurnalını nəşr etdirir. 1870-ci ildə şöhrətinin zirvəsindəykən dünyasını dəyişir. 
   Məşhur fransız elmi- fantastik yazıçısı Jül Vern 1828-ci ildə (8 fevral) Fransanın Nant şəhərində doğulub, ədəbi fəaliyyətə isə 1850-ci ildə başlayıb. İlk yazdığı əsərlər teatr üçün dramlar idi. “Şarla beş həftə” adlı romanı ilə böyük şöhrət qazanan yazıçı, bir çox kəşfləri əvvəldən təxmin etdiyi üçün "elm falçısı" ləqəbi alır. Dənizaltı, kosmos səfəri, oksigen balonu kimi dövründə kəşf olunmayan bir çox məsələlərə əsərlərində rast gəlinir. Kitablarında nəzərdə tutduğu kəşflərə ümumiyyətlə onun istifadə etdiyi adlar verilmişdir. Yazıçının əsərləri 148 dilə çevrilmişdir. Eyni zamanda da o, elm insanı olaraq da xatırlanar. Jül Vernin vəfatından sonra onun çap edilməmiş 6 romanı tapılmışdır. “80 gün dünya ətrafında”, “Dənizlər altında”, “Aya səfər”, “Kapitan Qrantın uşaqları” və sair əsərləri Azərbaycan oxucularına da yaxşı tanışdır.
    Məşhur bir rəssamın ailəsində 1890-cı ildə (10 fevral) dünyaya göz açan Pasternak əvvəlcə musiqi təhsili alıb. Sonra isə Moskva Universitetində fəlsəfə ixtisasına yiyələnir.
   Əsərlərində təbiət ehtirasını təbiətə bağlı obrazlarla dilə gətirməsinə, insan və cəmiyyət problemlərini bir bütünlük içində əks etdirməyə üstünlük verib. İlk şeirlərində simvolizm və futurizm axınının təsirləri qaçılmaz olmuşdur. Pasternak fərdi yaradıcılığın ictimai hərəkata boyun əymək məcburiyyətində qaldığı bir dövrdə yetişmiş, şeirində fərdi və ictimai həyatları orqanik bir bütünlüyə qovuşdurmuş, ictimai sarsıntıları, dövrünün tragik həqiqətini dilə gətirmişdir. 1957-ci ildə bizim oxucuların da maraqla oxuduğu “Doktor Jivaqo” romanını yazır.
   1958-ci ildə Nobel Ədəbiyyat Mükafatını qazanmasına baxmayaraq, yaşadığı SSRİ rejiminin təzyiqi ilə bundan imtina edir.