“Nurlar” nəşriyyatı “Güney Azərbaycan nəsri” antologiyasını çap edib. Vaqif Sultanlı və İrəc İsmayılın təqdimi və “ön söz”ü ilə nəşr olunan antologiyaya Güney Azərbaycan bədii nəsrindən seçmələr daxil edilib.
   Toplu Zeynalabdin Marağayi, Mirzə Əbdürrəhim Talıbov, Seyid Cəfər Pişəvəri, Həmzə Fəthi Xoşginabi, Pənahi Makulu, Həbib Sahir, Gəncəli Səbahi, Səməd Behrəngi, Qulamhüseyn Səidi, Rza Bəraheni, Nasir Mənzuri kimi tanınmış simalarla yanaşı, orta və gənc nəsli təmsil edən Əlirza Zihəqq, Əli Daşqın, Ruqiyyə Kəbiri, Eyvaz Taha, Aqşin Ağkəmərli və başqa yazıçıların yaradıcılığını da əhatə edir. Antologiyaya daxil edilən nümunələr janr baxımından rəngarəngdir. Burada hekayə, miniatür, mənsur şeir, memuar, həmçinin romanlardan parçalar yer alıb.
   Kitabda müəlliflərin fotosu və haqqında yığcam məlumat da verilib. Əsərlərin seçimində mümkün qədər bədii və milli dəyər daşıyan nümunələrə üstünlük verilib.
   Hazırda ingilis dilinə tərcümə edilən antologiyanın gələn il Amerikada nəşr olunması nəzərdə tutulur.