Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 28-də İsmayıllı rayonunun İvanovka kəndində “Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktik seminar” keçirilib.
   Seminarın iştirakçılarını salamlayan rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, N.Nikitin adına kolxozun sədri Vasili Novoseltsev, Mədəniyyət və Turizm Nazirliyinin kollegiya katibi Tahirə Əliyeva, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov tədbirin beynəlxalq təcrübə mübadiləsində xüsusi əhəmiyyətindən danışıblar.
   Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, mərkəzin əməkdaşı Məhbubə Əbilova, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşan Maldibayeva, Türkiyə Gənclər və İdman Nazirliyinin idarə rəisi Bedir Ahmet Cemil və başqalarının məruzələri dinlənilib. 
   Qeyd olunub ki, seminarın keçirilməsində əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klublarda milli məfkurənin, maddi-mənəvi dəyərlərin, mədəniyyətin təbliği, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır.
   Tədbirdə Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev iki qurumun əməkdaşlığına dair memorandum imzalayıblar.
   Seminar çərçivəsində regionlarda fəaliyyət göstərən sənətkarlar haqqında “Sənət və sənətkarları yaşadaq” adlı məlumat bazası təqdim olunub.
   İştirakçılar rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxıblar. Tədbir İvanovka folklor qrupunun maraqlı çıxışı ilə yekunlaşıb.