Azərbaycan Milli İncəsənət Muzeyi 80 illik fəaliyyəti dövründə yaradıcı şəxslərin sənət məbədi, təhsil müəssisələrinin elmi-təcrübə bazası, ölkəmizin bir çox muzeyləri üçün isə örnək olub.
   Muzeyin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə sənət ocağı bu ildən regionlardakı muzeylərlə “Əməkdaşlıq və metodiki yardım” adlı layihənin həyata keçirilməsinə start verib. Məqsəd bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir.
   Milli İncəsənət Muzeyindən verilən məlumata görə, ilk görüş İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən, bu bölgənin - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc tarix-diyarşünaslıq muzeyləri, M.Ə.Sabirin ev-muzeyi (Şamaxı) və İsmayıl bəy Qutqaşınlının (Qəbələ) xatirə muzeyi əməkdaşları ilə keçirilib. İsmayıllı rayon Mədəniyyət evində Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini X.Əsədova, Sərgi və tərtibat şöbəsinin müdiri A.Osmanov, regional idarənin məsləhətçiləri Azər Abbasov və Kənan Rəhimovun iştirakı ilə sözügedən muzeylərin əməkdaşları və direktorları üçün treninq təşkil edilib. Treninqdə muzeyşünaslıq sahəsində mövcud yeniliklərdən bəhs edilib, müvafiq tövsiyələr verilib.
   Növbəti iki gün ərzində İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı Tarix-diyarşünaslıq muzeylərinin ekspozisiyaları ilə tanışlıq zamanı bələdçilərin dinlənilməsi, faktiki olaraq nümayiş edilən eksponatlar haqqında onlarda olan bilik səviyyəsi, nümayiş edilən əşyaların bölgədəki muzeylərin elmi konsepsiyasını nə dərəcədə əhatə etməsi, etiketlərin hazırlanması qaydaları və s. haqqında məsləhətlər verilib.
   Milli İncəsənət Muzeyi bu istiqamətdə fəaliyyəti digər bölgə muzeyləri ilə də həyata keçirəcək.