Ağsu rayon Mərkəzi kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xeyriyyəçi Xurşudbanu Natəvanın (1832-1897) anadan olmasının 185 illiyinə həsr olunan tədbir keçirilib.
   Tədbirdə Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov, Metodika şöbəsinin müdiri Məhbubə Əhmədova, Uşaq şöbəsinin müdiri Ülkər Hacıyeva çıxış edərək Xan qızının həyat və yaradıcılığı barədə ətraflı danışıblar.
   Qeyd olunub ki, Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. Şuşada dünyaya göz açan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sonuncu varisi olduğu üçün onu sarayda “Dürrü yekta” (“tək inci”) çağırardılar. Xalq arasında isə “Xan qızı” adı ilə məşhur idi. 
   Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mütaliə edib və onların yaradıcılığından bəhrələnib. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarıb. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Xan qızı Şuşada “Məclisi-üns” (dostluq, ülfət məclisi) təşkil edərək, onun bütün xərclərini özü çəkib. 
   O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazıb. Şairənin şeirlərinə mahnılar bəstələnib. Mərhum bəstəkarımız Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazdığı “Qərənfil” mahnı-romansı çox uğurlu alınıb.
   Bildirilib ki, Məmməd Rahimin “Natəvan” poeması, İlyas Əfəndiyevin “Natəvan” pyesi məhz Xan qızına həsr olunub. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və muzeylərdə saxlanılır. 
   Sonda tədbir iştirakçıları “Xan qızı - Xurşudbanu Natəvan - 185” sərgisi ilə tanış olublar.