Qədim Səmərqənd şəhərindəki İmam Buxari ziyarətgahının muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən göndərilən Qurani-Kərimin təqdimetmə mərasimi keçirilib.
   Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, İmam Buxari Ziyarətgah Kompleksinin rəhbəri İlhom Ramazanov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, səfirliyin müşaviri Mahir Hacıyev, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Səmərqənd vilayəti üzrə Azərbaycan diaspor təşkilatının rəhbəri Adilağa Mirzəyev və vilayət hakimiyyətinin nümayəndələri iştirak ediblər.
   Səfir Hüseyn Quliyev Azərbaycan-Özbəkistan əlaqələrindən, iki xalq arasında əsrlərlə davam edən dostluq münasibətlərindən danışıb, xalqlarımızın din, dil birliyini, eyni kökə, mədəniyyətə, dinə malik olduğunu xatırladıb. O, dövlətimizin dinə qayğısından, ölkəmizdə mövcud olan tolerantlıq mühitindən bəhs edib.
   Diplomat bildirib ki, bu ilin iyun ayında muxtar respublika Ali Məclisinin sədri Səmərqənddə olarkən İmam Buxari ziyarətgahına gedib və buradakı muzeydə müxtəlif dövlət rəhbərləri və din xadimləri tərəfindən hədiyyə olunmuş “Qurani-Kərim” kitabları ilə tanış olub. Ali Məclisin sədri muzeydə olarkən buraya Azərbaycandan da Qurani-Kərimin hədiyyə olunmasına qərar verib.
   Akademik İsa Həbibbəyli 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə də “İslam həmrəyliyi ili” elan edildiyini və Azərbaycanda bu il IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edib. Azərbaycanın islam dünyası ilə dostluq və əməkdaşlığa can atdığını bildirən alim tədbirin əhəmiyyətindən, ölkəmizdə islam ənənələrinin qorunub saxlanılmasından və bu sahədə həyata keçirilən dövlət siyasətindən danışıb.
   İlhom Ramazanov ziyarətgah kompleksi haqqında məlumat verib, Azərbaycan tərəfinin təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycan-Özbəkistan dostluğundan danışaraq bu əlaqələrin yüksək səviyyəyə çatdırılmasında hər iki ölkənin liderlərinin rolunu qeyd edib. 
   Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinə minnətdarlığını bildirən İlhom Ramazanov Azərbaycan tərəfdən hədiyyə edilən nəfis Qurani-Kərimin kompleksin muzeyində nümayiş etdiriləcəyini bildirib.
   Sonra səfir Hüseyn Quliyev müqəddəs kitabı İlhom Ramazanova təqdim edib.