Dünyanın ən mahir və lirik pianoçularından biri Bobo Stenson oktyabrın 20-28-də keçiriləcək “Baku Jazz Fest- 2017” Beynəlxalq Caz Festivalı çərçivəsində paytaxtımızda konsert verəcək.
   Festivalın təşkilatçılarının bildirdiyinə görə, İsveç triosu oktyabrın 27-də “Rotunda”da çıxış edəcək. Trioya Bobo Stensonla bərabər, Anders Cormin (bas) və Con Falt (zərb) daxildir. B.Stenson həmin gün musiqiçilər üçün seminar da keçirəcək.
   Konsert çərçivəsində Amerika kinorejissoru Tomas Karterin 1993-cü ildə lentə aldığı “Svinq uşaqları” musiqili dramı nümayiş etdiriləcək. Filmdə Kristian Beyl, Robert Şon Leonard və Frenk Ueyli çəkiliblər.