Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayında beynəlxalq teatr festivalında iştirak edəcək.
   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 4-9 oktyabr tarixində Kiyevdə keçiriləcək “Mariya” Beynəlxalq monotamaşalar festivalında Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” monotamaşası ilə ölkəmizi təmsil edəcək.
   Tamaşa Azərbaycan və rus dillərində oynanılır. Səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.
   Polşa, İspaniya, Slovakiya, Türkiyə teatr kollektivinin iştirak edəcəyi “Mariya” monotamaşalar festivalı çərçivəsində beynəlxalq konfrans, ustad dərsləri və yaradıcılıq görüşləri də keçiriləcək. Şövqi Hüseynov “Mədəniyyətin möcüzəsi” adlı konfransda iştirak edəcək.