Sentyabrın 25-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “İsrair Airlines and Tourism” şirkətinin baş icraçı direktoru Uri Sirkisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Mədəniyyət və Turizm Nazirliyi ilə İsrailin aparıcı səyahət şirkəti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.
   Nazim Səmədov qonaqları salamlayaraq ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıdılması və Azərbaycana daha çox turistin cəlb olunması məqsədilə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi milli turizm sənayesinin nümayəndələri ilə birgə müxtəlif beynəlxalq turizm sərgilərinə qatılır, B2B formatında tədbirlər, xarici ölkələrin turizm operatorları və media nümayəndələri üçün infoturlar təşkil edir. 
   Həmçinin xarici populyar televiziya kanallarında reklamlar yerləşdirilir və digər təbliğat xarakterli layihələr həyata keçirilir. Bununla yanaşı, təbliğat və marketinq sahəsində nazirlik ilə ölkəmizə beynəlxalq uçuşlar həyata keçirən aviaşirkətlər arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
   “İsrair Airlines and Tourism” şirkətinin baş icraçı direktoru fəaliyyət istiqamətlərindən söz açaraq 2 oktyabr 2017-ci il tarixindən etibarən şirkətin həftədə 3 dəfə olmaqla Təl-Əvivdən Bakıya turpaket daxilində uçuşlar həyata keçirəcəyi barədə məlumat verib. U.Sirkis Azərbaycanın İsrail vətəndaşları üçün turistik nöqteyi-nəzərdən vacib istiqamət olduğunu vurğulayaraq, qısa müddət ərzində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə ümid etdiyini bildirib.
   Görüşün yekununda Mədəniyyət və Turizm Nazirliyi və “İsrair Airlines and Tourism” şirkəti arasında bir sıra ortaq marketinq işlərinin aparılması barədə razılığa gəlinib.