Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2017/2018 tədris ilində əcnəbi və o cümlədən mübadilə proqramları çərçivəsində təhsil almaq şansı qazanan tələbələrlə görüş keçirilib. 
   ATMU-nun rektoru İlham Mədətov, tədris işləri üzrə prorektor Eldar Aslanov, inkişaf məsələləri üzrə prorektor İranə Əliyeva, müvafiq struktur rəhbərlərinin iştirak etdiyi tədbirdə universitetin fəaliyyət strategiyası barədə xarici tələbələrə ətraflı məlumat verilib. 
   Qeyd olunub ki, bu tədris ilindən universitetdə ölkə vətəndaşları ilə bərabər, ilk dəfə Özbəkistan Respublikasından 2 tələbə turizm və hotelçilik ixtisası üzrə bakalavr və magistratura pilləsinin rus bölməsində təhsil alacaq. 
   Eyni zamanda universitetin iştirak etdiyi beynəlxalq təhsil proqramları və ikitərəfli əməkdaşlıq müqavilələri əsasında Türkiyənin Kastamonu Universitetindən 3 tələbə (o cümlədən 2 nəfər “Mövlanə mübadilə proqramı” çərçivəsində), Rusiya Federasiyasının Rostov şəhərində yerləşən Cənub Federal Universitetindən 1 nəfər bakalavr pilləsində turizm və hotelçilik ixtisası üzrə təhsil alacaq. Tələbələr 3 və 4-cü kursun ilk semestr dərslərini tamamladıqdan sonra təhsillərini öz universitetlərində davam etdirəcəklər.
   
   F.Hüseynov