“Mastercard Global Destinations Cities Index” reytinq agentliyinin illik araşdırmalarının yekunlarına görə Dubay səyahət üçün ən populyar istiqamətlər arasında dünyada dördüncü yeri tutur. Araşdırmaların nəticələrinə görə, reytinqdə ilk üçlüyə Banqkok, London və Paris şəhərləri daxildir.
   Dubay həm də turistlərin ən çox pul xərclədiyi şəhər hesab edilib. 2016-cı ildə əcnəbi turistlər Dubayda 28,5 milyard dollar xərcləyiblər.
   “Mastercard” reytinq agentliyi bildirir ki, keçən il Dubaya 14,87 milyon əcnəbi səfər edib. Bu il həmin göstəricinin 7,7 faiz artacağı ehtimal edilir. Cari ildə bu göstərici üzrə lider olan on şəhər arasında Dubaydan daha çox artım yalnız Tokioda gözlənilir.
   “Mastercard” agentliyinin Yaxın Şərq və Şimali Afrika bölməsinin prezidenti Xalid Elqibari bildirib ki, indeks cədvəlində Dubayın 9-cu yerdə qərarlaşması bu şəhərin dünyada turizm və ticarət sahəsində aparıcı istiqamət kimi mövqeyini təsdiq edir və dünya xəritəsində onun bütün müsafirlər üçün - yaşından, milliyyətindən asılı olmayaraq - çox cəlbedici məkan kimi mövqeyini möhkəmlədir.
   Dubay həm biznesmenlərin, həm də turistlərin dəfələrlə səfər etməsinə layiq olan bir məkandır. 2016-cı ildə “IMG Worlds of Adventure”, “Dubai Parks and Resorts” və “Dubai Opera” kimi dünya səviyyəli obyektlərin açılması isə bütün səyahətçilər üçün təklif imkanlarını genişləndirib.