V Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində maraqlı tədbirlərdən biri də “Bərpanəşr” layihəsinin təqdimatı olub. Mədəniyyət və Turizm Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə sentyabrın 30-da təqdim edilən layihə uşaqların mütaliəyə marağının artırılması məqsədilə ərsəyə gəlib.
   Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə çərçivəsində nümayiş etdirilən kitablar 80-ci illərədək çap edilən və kitabxananın arxiv fondunda saxlanılan əsərlərdir. Bu nəşrlərə yenidən həyat vermək uşaqların dünyagörüşünün və həyata baxışlarının daha da formalaşması üçün xüsusi əhəmiyyətə malikdir. 
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu istiqamətdə görülən işlərin önəmini qeyd edərək belə layihələrin uşaqların gələcəyinə müsbət təsir göstərəcəyini vurğulayıb. Bildirilib ki, uşaqların mütaliəsində ailə, məktəb başlıca rol oynasa da, onların düzgün formalaşmasında məhz uşaq kitabxanalarının rolu böyükdür. Ölkəmizdə son vaxtlar kitab nəşrlərinə və mütaliəyə marağın olduğunu deyən nazirin birinci müavini bu yöndə dövlət tərəfindən dəstək məqsədilə atılan addımlardan da söz açıb.
   Sonra qonaqlar layihə əsasında nəşr edilən kitablarla tanış olublar.