Qara dəniz turizm forumunda ölkəmizin stendi maraqla qarşılanıb
   
   Bolqarıstanın Varna şəhərində keçirilən “Yerli mənsubiyyət və qlobal turizm” adlı Qara dəniz turizm forumunda bir sıra xarici ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.
   Ölkəmizin Bolqarıstandakı səfirliyinin qurduğu stenddə respublikamızın turizm imkanları, mövcud turizm marşrutları, təbiəti, tarixi, mədəniyyəti, ənənələri, mətbəxi, Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər barədə məlumat verilib. Milli stenddə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri də nümayiş olunub, tədbir iştirakçılarına ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər paylanılıb. Stenddə, həmçinin Azərbaycan istehsalı olan nar şirəsi və şərabların dequstasiyası, milli şirniyyatların təqdimatı keçirilib. Tədbirin açılışında iştirak edən Bolqarıstanın turizm nazirinin müavini Milko Teofilov və Varna merinin müavini Kosta Bazitov Azərbaycan stendini ziyarət ediblər.
   Forumda fəal iştiraka görə Azərbaycanın Bolqarıstandakı səfirliyi diplomla təltif edilib.