Etüd müsabiqəsinin yekun sərgisi açılacaq
   
   Xəbər verdiyimiz kimi, 2017-ci ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” devizi altında etüd müsabiqəsi elan olunub. 150-dən çox rəssam öz canlı müşahidələri əsasında ərsəyə gətirdiyi 350-yə yaxın təbiət mənzərəsi etüdlərini müsabiqəyə təqdim edib. 
   Müsabiqənin yekun sərgisi oktyabrın 13-də Xətai Sənət Mərkəzində keçiriləcək. Qaliblər və fərqlənənlər diplom və həvəsləndirici mükafatlarla təltif olunacaqlar. 
   Yekun sərgidə 46 rəssamın münsiflər heyəti tərəfindən seçilmiş 80-ə qədər etüdü nümayiş olunacaq. Eyni zamanda, korifey sənətkarların etüdlərindən bəzi nümunələr də sərginin ekspozisiyasında yer alacaq.
   Sərginin açılışından bir gün sonra “Rəssamlıqda etüdün rolu” mövzusunda rəssamların və sənətşünasların iştirakı ilə dəyirmi masa keçiriləcək. Münsiflər heyətindən daha çox xal toplamış müəlliflərin bir qismi Azərbaycanın rayonlarından birinə səfər edərək etüd çəkəcək.