Frans Kafka almanca yazıb, onun əsərlərinin dəyərini hələ o vaxt başa düşən Milena həmin yazıları çex dilinə çevirib. Bu əlaqəyə əsasən tanış olublar. Kafka 1920-ci ildə ciyər xəstəliyindən əziyyət çəkirdi, Milena Vyanadaydı. Bir-birilərini görmədiklərindən məktublaşıblar. Bu dostcasına məktublaşma qısa vaxt ərzində atəşli qarşılıqlı məhəbbətə çevrilib. Ancaq bu sevgi məktublaşmadan o yana keçə bilməyib. Üç il davam edən məktublaşma müddətində cəmi iki-üç dəfə görüşə biliblər. Kafka bu vaxt daxili əzablar, ruhi böhran içindəydi, hər görüşdən sonra böyük günah işlətdiyini düşünər, özünü günahkar sayar, sonra yenə darıxıb görüşərmiş.
   Milena o vaxtlar evliydi, Kafka isə eyni qızla üç dəfə nişanlanıb ayrılmışdı, sonra başqa bir qızla - Dorayla evlənir. Öləndə yanında arvadı Dora və dostu həkim Klopstok durmuşdular. Ölərkən həkim dostuna demişdi: “Qoyma ağrı çəkim, öldür məni, əgər öldürməsən, qatil sayılacaqsan”.
   Milena nəcabətli bir ailədə doğulmuşdu. Atası vuruşduğu almanlar tərəfindən güllələnmişdi. Milena əri ilə xoşbəxt deyildi. Milenanın yaxın dostu olan və bu məktubları yayan Hass, Milena haqqında deyirdi. “Sevincliydi, gözütox, qərarlarında soyuqqanlı idi. Dostluqda onun kimisini tapmaq çətindir: kömək etməyi xoşlayan, bütün imkanlarından istifadə edən, etdiyinin də qarşılığını gözləyən bir xanım idi. Arzularına görə hər şeyi gözə alır və düşüncəsiz hərəkət edərdi. Olanını: həyatını, pulunu, duyğularını səxavətlə xərcləmiş bir insan idi”.
   Hassa bu məktubları Milena 1939-cu ildə verib. Milenanın Kafkaya yazdığı məktublarsa əldə yoxdur. Amma Milenanın Kafkayla bağlı dostu Maks Broda yazdığı məktubların bəziləri ilə oxucular tanışdırlar. Milena sonralar ərindən ayrılıb. 1944-cü ildə vəfat edib. Kafkanın məktublarının bəziləri əldə yoxdur, güman olunur ki, onları Milena, Hassa verməyib. Kafkanın Milenaya yazdığı məktublardan bir neçəsini sizlərə təqdim edirik. Növbəti saylarımızda isə Milenanın Maks Broda yazdığı məktublarla tanış ola bilərsiniz.
   
   
   Əziz Milena xanım!
   Sizə Praqadan, sonra da Mirandan yazmışdım. Cavab vermədiniz. Göndərdiyim o qısa məktublara qarşılıq gözləməyim yersizdi, bilirəm. Yazmamağınızdan məlum olur ki, yaxşısınız, biz, adətən, yaxşı olduğumuz vaxt susuruq, belədisə, gərək sevinəm. Yalnız bir şeydən narahatam, xətrinizə dəyməmişəm ki?
   (Necə qaba bir əlim olmalıdır ki, istəklərimə belə kobud davransın) ya da lap pisi - “Bugünlərdə bir az dincəlirəm” demişdiniz, bəlkə də, yaxşı günləriniz keçib, bəlkə, yenə problemləriniz başlayıb. Sizin xətrinizə dəymək narahatlığı yersizdi, bilirəm, bu mövzuda deməyə sözüm də yoxdu, amma narahatsınızsa, çox pisdi, məsləhət də verə bilmərəm - mən hara, məsləhət hara? Ancaq bunu demək istəyirəm. Niyə Vyanadan başqa yerə getmirsiniz? Başqaları kimi yurdsuz deyilsiz ki! Bohemyaya gedib istirahət edərsiniz? Amma bəlkə bilmədiyim səbəblərə görə Bohemyaya getmək istəmirsiniz, elədisə başqa bir yerə gedin. Mirana gəlin da! Bura heç gəlmisiniz? Sizdən iki şey gözləyirəm. Ya bu sakitliyiniz davam edəcək, bu o deməkdir ki, “narahat olma, yaxşıyam”, ya da yazacaqsınız.
   Necə qəribədir, üzünüzü tam şəkildə gözümün önünə gətirə bilmirəm, şirniyyat evində stolların arasından keçib getməyinizi, çox yaxşı xatırlayıram. Sanki vücudunuzu, geyiminizi görürəm.
   Hörmətlə: Frans Kafka
   
   * * *
   Əziz Milena xanım!
   Tərcümələrlə o darıxdırıcı Vyanada əlləşib-vuruşursunuz. Bu həm də utandırıcıdı, həm də məni sevindirir. Həm də gərək Volfdan məktubu indiyə qədər alaydınız, yazacağını lap əvvəllər mənə bildirmişdi. Bir kataloqda adı “Öldürən” olan hekayə mənim deyil, yəqin ki, səhv düşüb, amma ən yaxşı hekayə olduğu deyilirsə, bəlkə də, doğrudur, bilmirəm.
   Son məktubunuzla və bundan əvvəlkindən başa düşdüyümə görə dərdləriniz, problemləriniz keçib, yəqin ki, ərinizin dərdləri də keçib, ikiniz üçün də səbəbli olduğunu diləyirəm. Haçansa bir bazar günü günortadan sonra ərinizlə rastlaşdım. Qarşılaşdığımıza görə heç birimiz sevinmədik. Müxtəlif mənalarda olsa da, ikimiz də çərənləyib baş şişirtməkdə usta sayılırdıq. Bilmirəm, deyəsən, birlikdə gəzindik, yaxud da ancaq salamlaşdıq, onsuz da vacib deyil bilməyim.
    Bu, çox köhnə, keçmiş bir xatirədi, yada salınmamalıdır, gizli qalmalıdır. Eviniz gözəldir?
   Ürəkdən Frans Kafka
   
   * * *
   Əziz Milena xanım!
   İki gün, bir gecə davam edən yağış indi dayandı. Bəlkə, yağışın dayanmağı da keçicidir, yenə də tərifləməyə dəyər, sizə yazaraq təbrik edirəm. Bu yağışa dözmək olar, kiçik də olsa yad bir yerdə insanın ürəyinə qəriblik yayır, bütün bunlar ərazinin qəribliyinə görə belədi. Səhv eləmirəmsə, siz də ( az davam edən, yarısından çoxu sükutla keçən görüş, deməli, unudulmur) Vyanada qərib olmaqdan əvvəllər sevinirdiniz. Keçibmi, yenə xoşlanırsınızmı qərib bir yerdə olmaqdan? ( Xoşunuz gəlirsə, bu yaxşı hal sayılmaz, bəyənmirsinizsə, bəlkə də, elə belə lazımdır).
   Mən burda yaxşıyam. Bu ölümlü dünyada bundan çox ömrü bədənim daşıya bilməz. Otağım bağçaya tərəfdi, eyvan sarmaşıqlarla, çiçəklərlə örtülüb (burda hava çox qəribədir) Praqada belə havalarda sular donur, eyvandakı çiçəklər tumurcuqladı.) Həmişə günəşlə lap yaxın oluram (daha doğrusu, tünd buludlarla örtülü göylə, bir həftədir günəş üzü görmürəm) kərtənkələlərlə quşlar - bir-birinə heç yaraşmayan bu varlıqlar məni görmək üçün gəlirlər. Mirana gəlməyinizi necə də istəyərdim! Bir müddət əvvəl “nəfəs ala bilmirəm” deyə yazmışdınız. Dediyiniz kimidirsə, çox uyğundur, bura gəlsəniz, bu sıxıntılarınız azalar.
   Ürəkdən salamları ilə Frans Kafka
   
   * * *
   Deməli, sizin də ciyərinizdi. Bütün gün beynimdə bunu fikirləşmişəm, ta başqa şey haqqında düşünmürəm. Elə bilməyin ki, xəstəlik məni qorxudur, danışdıqlarınızdan başa düşdüyümə görə - elə olmağını da diləyirəm - siz də xəstəlik hələ çox zəif başlayıb. Bu xəstəliyi (Qərbi Avropanın yarısı ciyərindən xəstədir) öz canımdan bilirəm, üç ilə yaxındır ki, yaxşılığından çox, pisliyi mənə təsir edib. Üç il əvvəl bir gecə qanaxma başladı məndə. Hər təzə şeydə olduğu kimi, təbii ki, insan həyəcanlanır, tez qalxdım (sonra öyrəndim ki, gərək heç tərpətməyəsən) pəncərəyə yaxınlaşdım, çölə çıxdım, otaqda gəzindim, su kranına getdim, yataqda oturdum - qanama heç dayanmadı bu vaxt ərzində. Amma kədərli deyildim, bilirdim ki, qan dayanan kimi üç-dörd ildir davam edən yuxusuzluğum sona çatacaq.
   Qan dayandı (o gündən bəri bir də olmadı). Mən də səhərə qədər dərin bir yuxuya getdim. Səhəri gün xidmətçim gəldi. ( O vaxtlar Şönburundan aralıda yaşayırdım). Yaxşı, ürəyitəmiz, yüngülxasiyyət bir qız idi. Qanı görən kimi “tez həkim” dedi, “az vaxtda, yəqin, ölərsən”. Amma mən özümü əvvəlkindən daha yaxşı hiss edirdim. İşə getdim, amma günortadan sonra həkimə getmədim. Ondan sonrası çox da vacib deyil, danışmağa dəyməz. Sizə bunu demək istəyirəm: Məni kədərləndirən xəstəliyiniz deyil. (Xatirələrimə söykənərək özümü inandırmağa çalışıram, o duyğulu zərifliyinizlə yanaşı, kəndlilərə xas sağlamlığınız var sizin. Ona görə də inanmıram, bu bir xəbərdarlıqdır bəlkə, ciyəriniz xəstə deyil). Məni kədərləndirən, düşündürən bu xəstəliyin səbəbidi. “Pulum yoxdu, çay və yavan çörəklə yaşayıram. İkidən səkkizə qədər işləyirəm” deyə yazmışdınız. Nəysə, bunların üstündən keçək, bunlar mənim başa düşə bilmədiyim şeylərdir. Bəlkə də, məktubla başa salmaq olmaz, birgə oturub danışmaq lazımdır bunları. Keçək deyirəm, ancaq məktubda keçə bilirəm, bir an da huşumdan çıxmır. Sizdə bu xəstəliyi üzə çıxaran şeyin səbəbini düşünürəm. Özümünkünü bilirəm, onsuz da əksər adamlarda səbəb eynidir. Belə olur: beynə yığılan kədərli fikirləri, dərdləri axır ki, çəkmək olmur. “Ta mən dözə bilmirəm” deyir, “Bunları saxlamağı vacib sayan kimsə varsa, mənə kömək etsin, yükümü azaltsın, bəlkə, yaşamağı bir az da davam edə bilərəm”. Ağciyərin tez vaxtda itirməli çox şeyi olmadığına görə “burdayam” deyir. Beynimlə ciyərimin bu razılığından xəbərim olmadı, amma bu razılığın dəhşətli olduğunu indi başa düşürəm..
   Yaxşı neyləməyi düşünürsünüz? Bəlkə də heç vacib deyil. Yaxşı baxsalar tez keçirə bilərsiz. Bunu yaxınlarınız, sizi sevənlər bilməlidir. Xudbin düşüncələri də özünüzdən kənarlaşdırın. Necə? Bu da bir qurtuluş deyil? Haqsızam? Yox, xeyr, zarafat etmirəm, heç də sevinmirəm, ta ki həyat tərzinizi daha yaxşı, daha sağlam nizama saldığınızı yazana qədər. Son məktubunuzu oxuyandan sonra niyə artıq Vyanadan ayrılmırsınız deyə soruşmuram, indi başa düşürəm. Amma Vyanaya yaxın çox gözəl yerlər də var, orada da istirahət edib rahatlaşa bilərsiniz.
   Görürsünüz də bu gün başqa bir şey yaza bilmirəm. Məncə, bundan daha vacib bir şey yoxdu. Sabah başqa şeylərdən danışaram, dəftər üçün təşəkkürü də sabaha saxlayıram, mənə təsir etdi, utandırdı məni, amma sevindirdi də. Dayanın, sizə başqa bir şey demək istəyirəm. Tərcümələrimə bir saniyəlik də yuxunuzu sərf etsəniz, bunu özümə qarğış sayaram. Haçansa bu işdən ittiham olunmaq lazım olsa, çox səbəb axtarmağa səy göstərmədən yuxusuzluğu onun üzündən görünür deyəcəklər və məni haqlı olaraq günahlandıracaqlar. Etməyin deyərkən özümü düşünürəm, özüm üçün yalvarıram.
   Sizin Frans Kafka
   
   Tərcümə edən: Fərid Hüseyn