Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə başlanan kino mövsümündə regionlarda milli filmlərin nümayişi davam edir. 
   Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Xeyirlə Şərin rəqsi” filmi Şabran və Qubada təqdim edilib. Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında quruluşçu rejissor Yavər Rzayevin çəkdiyi ekran əsərinə yerli tamaşaçılar böyük maraq göstəriblər. 
   Quba şəhərində filmin nümayişindən əvvəl Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək regionlarda təşkil olunan milli kino mövsümünün əhəmiyyətindən danışıb. Bunun sayəsində kinozallarda yenidən tamaşaçı kütləsinin artdığı qeyd olunub. 
   Sonra “Xeyirlə Şərin rəqsi” filminin yaradıcı heyəti tamaşaçılara təqdim edilib. Filmin əsasən Quba rayonunda lentə alınması xüsusi vurğulanıb. Yaradıcı heyət həm çəkiliş zamanı, həm də filmin təqdimatında Quba sakinlərinin kinoya olan marağını xüsusi qeyd ediblər. 
   Daha sonra ekran əsəri nümayiş etdirilib.