Oktyabrın 20-də Parisdəki Luvr Muzeyinin Karusel salonunda 21-ci “Art Shopping” müasir incəsənət sərgisi açılıb. Sərgidə 700 rəssam və qalereya iştirak edir.
   “Art Shopping” sərgisində azərbaycanlı rəssamlar Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Rəna Əmrahova, Aysel Bədəlova, Lalə Ağayeva, Aysel Mirqasımova, Vəfa Əfəndizadə öz əsərlərini nümayiş etdirirlər.
   İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr Muzeyinin Karusel sərgi salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. Daxili aləmini incəliklə ağ kətan üzərinə köçürən gənc rəssam hər bir ziyarətçini onun sehrli aləminin seyrçisinə çevirir və duyğularını bölüşür. Məryəm mövzu çalarlığı və rəng seçimi ilə də sənətsevərlərin diqqətini cəlb edir.
   Azərbaycanlı rəssamların əsərləri mövzularına, milli motivlərinə və rəng seçiminə görə fərqlənir və ziyarətçiləri heyran edir.
   Əsmər Nərimanbəyovanın rəhbərliyi altında təşkil olunmuş pavilyonda təkcə həmvətənlilərimizin deyil, eyni zamanda Bakıda keçirilən birinci Avropa Oyunlarının (2015) maskotunun müəllifi, istedadlı rəssam Dəfnə Biçaçın instalyasiyaları (quraşdırma işi) da nümayiş olunub. 
   Qeyd edək ki, son illər azərbaycanlı rəssamlar “Art Shopping” sərgisində uğurla iştirak edirlər. Onların əsərləri sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.
   Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev sərgi salonunda rəssamlarımızın pavilyonlarına baş çəkib, nümayiş olunan əsərlərə baxıb.
   Diplomat Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təşviqi istiqamətində həyata keçirdiyi layihələri xatırladıb. Belə sərgilərin əhəmiyyətini, rəssamlarımızın ölkəmizin sərhədlərindən kənarda tanınmasına böyük töhfə verdiyini qeyd edib.
   Söhbət zamanı gələcəkdə belə sərgilərə daha çox rəssamın cəlb edilməsinin vacibliyi vurğulanıb. Rəssamlar sərgilənən əsərləri barədə məlumat veriblər.