“I am Jazzman” müsabiqəsinin qala konserti
   
   Bakı Beynəlxalq Caz Festivalı ərəfəsində ənənəvi olaraq gənc ifaçılar arasında “I am Jazzman” adlı beynəlxalq müsabiqə də təşkil edilib. Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində “I am Jazzman” müsabiqəsinin qala konserti və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
   Konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Azərbaycan, Koreya Respublikası, Özbəkistan, İtaliya, Rusiya və Ukraynadan olan ifaçılar klassik və müasir caz musiqi nömrələrini təqdim ediblər. Onlar öz repertuarlarından musiqi nömrələri və milli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndiriblər. Konsert proqramı maraqla qarşılanıb.
   Sonda gənc caz ifaçıları diplom və hədiyyələr ilə təltif olunub. Müsabiqədə caz nominasiyası üzrə I, II və III yerlərə müvafiq olaraq Le Seat Nair, Anastasiya Budakova, Cəmilə Nəsirzadə layiq görülüb. İnstrumental nominasiyada Maksim Medvedev və Nurlan Abdullayev I yeri, Məhəmməd Məhəmmədli II yeri, Yulya Perminova isə III yeri tutub.