Musiqi məktəbində Müslüm Maqomayevin xatirəsi yad edilib
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Abşeron rayon Xırdalan şəhər 11 illik Uşaq musiqi məktəbində dünya şöhrətli müğənni, bəstəkar Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
   Məktəbin müəllimləri Raziyyəxanım Əliyeva və Ləman Balayeva çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat veriblər.
   Sonra məktəbin fortepiano və vokal şöbəsi şagirdlərinin ifasında Müslüm Maqomayevin repertuarından mahnılar, bəstələdiyi musiqilər səslənib.
   
   “Şəhidlik zirvəsi" ısametrajlı filminin təqdimatı 
   
   Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət mərkəzində şəhid Elnur Əliyevin həyatından bəhs edən "Şəhidlik zirvəsi" qısametrajlı sənədli-bədii filminin təqdimatı keçirilib. Film QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gəlib.
   Tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən 2016-cı ilin Aprel döyüşlərində şəhid olan igidlərin portretlərindən ibarət səyyar sərgi təşkil olunub. Sərgidə şəhid Əbdülməcid Axundov, Seymur Baxışov, Murad Məmmədovun portretləri, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və Tofiq Əhmədovun birgə işlədiyi “Vətən şəhidləri ilə ucalır”, Ellada Həsənovanın “Vətən sərhəddən başlayır”, İntiqam Cəfərovun “Dərdli qadın”, Nigar Qurbanovanın “Ana fəryadı” və s. əsərlər nümayiş olunub.
   Tədbirə qatılan millət vəkili Qənirə Paşayeva rəssamlarla söhbət edib, onlara bu mövzuda yeni əsərlər ərsəyə gətirmələrini tövsiyə edib.

   Sumqayıtlı şairin 75 illiyi qeyd olunub
   
   Sumqayıt şəhər Poeziya evində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi, Nizami Gəncəvi adına kitabxana-klub və Mərkəzi uşaq kitabxanasının birgə təşkilatçılığı ilə şair Məmməd Namazın 75 illik yubileyi qeyd edilib.
   Tədbirdə şairlər Rafiq Yusifoğlu, Ələsgər Həsənli, Almaz Sahilə, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək yubilyarı təbrik edib, xoş arzularını çatdırıblar.
   Şairin şeirləri əsasında çəkilmiş rəsmlər, ədəbi kompozisiya, Sabir Sarvan adına uşaq poeziya klubu üzvlərinin hazırladığı səhnəcik nümayiş olunub.
   Sonda Məmməd Namaz çıxış edərək tədbirdə əməyi olan hər kəsə minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.