Prezident İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi” haqqında 24 avqust 2007-ci il tarixli Sərəncamı uğurla həyata keçirilir.
   Artıq 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından 32 adda kitabın hər biri 7 min tirajla çap edilib. Daha 65 kitab isə istehsalat prosesindədir. Seriyaya daxil olan bütün əsərlərin nəşri cari ilin sonunadək tam başa çatdırılacaq.
   Əsərlər Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və digər tərcüməçilərdən ibarət 100 nəfərlik peşəkar mütəxəssis tərəfindən Azərbaycan dilinə çevrilir. Kitablardan 45-i klassik, 40-ı müasir dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləridir. Bu nəşrlərdən 40-nı Nobel mükafatına layiq görülən müəlliflərin əsərləri, 25-ni isə antologiyalar təşkil edir. Azərbaycan oxucusu 100-dən çox müəllifin əsərləri ilə ana dilimizdə ilk dəfə tanış olacaq.
   Seriyaya daxil olan kitabların bədii dizaynı və üz qabığının tərtibatı ən müasir çap texnologiyası və avadanlıqla təchiz olunan “Şərq-Qərb” nəşriyyatında yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunur.