Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbi layihəsinin hər tədbirini ədəbiyyat və sənət həvəskarları maraqla gözləyirlər. Oktyabrın 27-də Milli İncəsənət Muzeyində layihə çərçivəsində növbəti ədəbi-bədii gecə keçirildi. Layihənin rəhbəri, şairə Nigar Həsənzadə hər kəsi salamlayaraq bildirdi ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsildə ədəbiyyata marağı daha da artırmağa xidmət edir. 
   Qeyd edildi ki, “Söz” layihəsi Azərbaycan mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması, müxtəlif ölkələrin mədəniyyətlərinin öyrənilməsinə öz töhfəsini verir. Təşkil olunan tədbirlər həm də ölkəmizdəki multikultural ənənələrin yaşadılması baxımından əhəmiyyətlidir. 
   Sonra poeziya həvəskarları istedadlı gənc şairləri dinləmək imkanı qazandılar. Layihənin budəfəki tədbirində gənc qələm sahibləri Səidə Sübhi, Atika Əliyeva, Səbinə Vəlibəyova, Ülviyyə Axundova və Solmaz Süleymanlı şeirlərini oxudular. Yeni bədii örnəklər iştirakçılar tərəfindən maraqla qarşılandı.
   
   Fariz Hüseynov