Noyabrın 10-da Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı Mir Nadir Zeynalovun fərdi sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.
   Mir Nadir Zeynalov Azərbaycan rəssamlığında mühüm yer tutan sənətkarlardandır. Onun özünəməxsus yaradıcılıq üslubu, emosional tabloları hər zaman seçilir. Rəssam 1976-cı ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. 80-ci illərdə Hindistanda yaradıcılıq ezamiyyətində olarkən yaratdığı silsilə əsərlər ona məşhurluq gətirib. “Yaz bağı” əsəri 1989-cu ildə Bakıda keçirilən Xəzəryanı bienalledə bürünc medala layiq görülüb. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və digər şəhərlərdə nümayiş etdirilib.
   Mir Nadir Zeynalovun Muzey Mərkəzində sərgisi noyabrın 16-dək davam edəcək.