Bakı Uşaq Teatrı bölgələrə növbəti qastrol səfərinə çıxıb. Noyabrın 3-də yekunlaşacaq səfər Hacıqabul, Sabirabad, İmişli, Saatlı rayonları və Şirvan şəhərini əhatə edir. Yaradıcı heyət yerli sənətsevərlər qarşısında “Günahsız günahkarlar” tamaşasını nümayiş etdirir. 
   Teatrdan bildirilib ki, yeni tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Arzu Soltanın qələmə aldığı əsər müasir dövrün qlobal problemlərindən olan insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədi daşıyır.
   Gənclər yığışıb “mafiya” oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. 
   Tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.