Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı” layihəsinin növbəti səfəri başlanıb. Bu dəfə layihə Salyan, Neftçala, Biləsuvar və Sabirabad rayonlarını əhatə edəcək.
   “Kitab karvanı”nın ilk dayanacağı Salyan rayonu olub. Səfər noyabrın 9-da Sabirabad rayonunda başa çatacaq. Səfər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Qəşəm İsabəyli və Reyhan Yusifqızının oxucularla görüşləri keçirilir.
   2011-ci ildən etibarən həyata keçirilən “Uşaq kitab karvanı” layihəsinin başlıca məqsədi bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcə ödənilməsidir. Bu günə qədər layihə üzrə respublikamızın 22 rayon və şəhərinə “kitab karvanı” yola düşüb və regionlarda fəaliyyət göstərən kitabxanaların müvafiq bölmələrinə ümumilikdə 19 min 670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.