Yol “Nizami”dəndir
   
   İşdir, yolunuz metronun “Nizami” stansiyasına səmt alsa, əvvəlcə dahi şairi xatırlayın. Xatırlayıb da bir kitab almaq qərarına gəlsəniz, burdan uzağa getməyə ehtiyac yoxdur. Yeni açılmış Rus Kitab Evi qulluğunuzda hazırdır. Yeri gəlmişkən, bu ikimərtəbəli kitab mağazası qarşıdan baxanda əsl rus evlərini xatırladır. Bu yaxınlarda mağazanın açılışı zamanı deyildiyi kimi, bu hadisə Rusiya-Azərbaycan əlaqələrinin, dostluğunun daha bir göstəricisidir. Belədirsə, dost evinə baş çəkmək pis olmaz. Özü də bu evin kitablarla zəngin olduğunu nəzərə alsaq, qonaq getmək fürsətini əldən vermək olarmı?
   
   Qonaq qonağı... sevər
   
   İlk mərtəbədəcə oxucunu səmimiyyətlə qarşılayan işçilər kitablarla bağlı istədiyin hər bir məlumatı verə bilərlər. Səliqəli rəflər rəngarəng cildlərlə doludur. Mağazanın ikinci mərtəbəsində də eyni nizam hökm sürür. Yeri gəlmişkən, buranı tez-tez ziyarət edən daimi oxucular da az deyil. Buraya təkcə kitab almağa yox, həm də oxumağa gəlirlər. Əyləşməyə rahat oturacaqlar da var, adamın üzünə xoş baxan “ev sahib”ləri də... Və mənim təzə qonaq olmağıma baxmayaraq kitablarla maraqlanmağıma onlar da xoş münasibət göstərirlər. Bizdəki «Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini» misalını xatırlayıb bu situasiyaya aid rus atalar sözünün olub-olmadığını düşünürəm. Düşüncəmi isə vaxt azlığından kimsəylə bölüşmədən evi “ələk-vələk” etməyə başlayıram. Bu miqdarda kitablarla ötəri də olsa tanışlıq üçün vaxta xəsislik əsas şərtdir. Axı....   

   Burada
   
   33 minə yaxın kitab var. Rəflərdə bölgü üzrə oxucuların ixtiyarına tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr nümayiş olunur. 2 həftədən bir kitab evindəki nəşrlər Moskvadan gətirilən kitablarla təzələnir. 120 kv. m ərazini əhatə edən kitab evində kitabların qiyməti digər mağazalarla müqayisədə 15-20 % ucuzdur. Kitablara Rusiyanın özündə bizim milli pul hesabının qiyməti vurulur. Yəni kitabın sonluğuna son vaxtlar dəbə minmiş “qiyməti müqavilə ilə” bildirişi yerləşdirilməyib. Rusiya müəllifləri ilə yanaşı, xarici yazıçıların da əsərləri mağazada təqdim olunur. Gələcəkdə burada oxucuların yazıçılarla görüşlərinin keçirilməsi də nəzərdə tutulub. Müasir rus yazarlarını tanıdığımı nümayiş etdirmək üçün postmodern nasir Sorokinin kitabı ilə maraqlanıram. Məlum olur ki, Sorokin tam sürətlə satılıb.
   
   Çingiz Abdullayevin “sirri”
   
   Qeyd edim ki, “Rus kitabı evi”ndə toplanan kitabları Rusiyanın “Astrel” nəşriyyatı çap edib. Bu həmin nəşriyyatdır ki, tanınmış yazıçımız Çingiz Abdullayevin onlarla əməkdaşlıq etməyindən qürur duyur.
   Azərbaycanda 160 minə yaxın rus icmasının yaşadığını nəzərə alsaq, bu mağazanı elə hamımızın xidmətində durduğunu, ən əsası xalqlararası mədəni dostluğa rəvac verdiyini açıq ürəklə demək olar. Bax elə bu mövzuda da ürək sözlərini mağazanın açılış mərasimində iştirak etmiş Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin “Rus kitabı evi”nin xatirə kitabına həkk edib.
   
   Son
   
   Düzü «Xatirə Kitabı»na nə isə yazmaq mağazanı tərk edəndə yadıma düşdü. Sonra düşündüm ki, eybi yoxdur, mən ki artıq burada qonaq sayılmıram - bura tez-tez üz tutacağam. Hər halda, sizlər yolunuzu ora salsanız, nə isə yazmağı unutmayın. Axı hər şey tarixdir. Tarixə düşün, ən azı oxucu kimi.