Ölkədə fəaliyyət göstərən nəşriyyatların, deyək ki, sabah və ya bir ay ərzində oxucu auditoriyasına təqdim edəcəyi hansısa kitabı haqqında məlumatlar yox dərəcəsindədir. Təcrübədə isə belə məlumatların oxucu cəlbində rol oynadığı aydın məsələdir. Bu baxımdan nəşriyyatlarla əlaqə saxlayıb yaxın bir ay ərzində çap etməyi planlaşdırdıqları - sanballı, oxucu üçün gərəkli saydıqları kitabın sorağını aldıq.
   Beləliklə, “hansı nəşriyyat, hansı kitab?” sorğumuza başlayırıq.
   Qocaman nəşriyyatlarımızdan olan “Azərnəşr” növbəti ay üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf - məqsədimizdir” adlı çoxcildliyinin nəşri ilə məşğuldur və bu ay oxuculara seriyanın 4-cü cildi təqdim ediləcək.
   Uşaq ədəbiyyatının nəşri üzrə ixtisaslaşmış “Beşik” nəşriyyatının direktoru Nərgiz Cabbarlı isə uşaqlarına kitab axtaran valideynləri bu ay yeni və gərəkli kitablarla sevindirəcəklərini söylədi. Elçinin “Gilas qız”, F.Qocanın “Gəlin yuyaq dənizi” kitabları nəşrə hazırlanır. Məstan Günərin “Ayoğlan” adlandırılmış kitabı isə həm mövzu, həm də rəssam işi baxımından oxucuların ürəyincə olacaq. Hər halda, bunu nəşriyyat direktoru söylədi. Kitab satışa çıxanda baxarıq.
   “Mütərcim” nəşriyyat-poliqrafiya mərkəzi isə son vaxtlar fəallığı ilə seçilir. Elə müəssisənin rəhbəri Əliş Ağamirzəyev də mətbuat dili ilə desək, iddialı danışdı. Oxucuların xəbəri olsun ki, bu ay nəşriyyat çap prosesini tamamladığı Dostoyevskinin məşhur “Karamazov qardaşları” əsərini (iki cilddə) oxuculara təqdim edəcək. Əlbəttə, biz Dostoyevskini ana dilimizdə oxumuşduq, amma bu əsər dilimizə çevrilib nəşr edilməmişdi. Kitab ilk olaraq 500 tirajla satışa çıxacaq. Əliş müəllim isə tirajın tədricən artıracaqlarına inandığını bildirir. “Nurlar” nəşriyyatından isə birmənalı olaraq bildirdilər ki, onlar yalnız sifarişlə işləyirlər. Yəni pulunu ver, kitabını çap etsinlər, apar sat.
   “Şirvannəşr”də isə bu ay Qəşəm İsabəylinin “Ölü bilər, mən bilərəm” kitabı ilə oxucuların üzünə alnıaçıq çıxacağını vurğuladılar. Nə deyək, oxucu bilər, nəşriyyat bilər.
   Sorğumuzu davam ümidi ilə, hələlik.