Dekabrın 7-dən 12-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya 1969” salonunda “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək. 
   Sərgi Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə ölkəmizdə elan olunmuş “İslam həmrəyliyi ili” çərçivəsində təşkil edilir.
   Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olub. Bu, Azərbaycan mədəniyyəti və incəsənətində də dərin izlər qoyub.
   İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi dini memarlığın nümunələri olduğu kimi, Azərbaycan rəssamlarının XX əsrdə yaratdıqları nadir sənət inciləri də İslam mədəniyyətini özündə əks etdirən dünyəvi incəsənətin bariz örnəkləridir. Sovet İttifaqı dövründə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə yaradılan, İslam dini təsəvvürlərini və mədəniyyətini əks etdirən təsviri sənət nümunələri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda xüsusi kolleksiya təşkil edir. 
   Sərgi bu incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği məqsədilə keçirilir.