Noyabrın 29-da C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında tanınmış şair, naşir, maarifpərvər ziyalı İlyas Tapdığın anma mərasimi keçirilib.
   Kitabxananın direktoru Tahir Sadıqov şairin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, İlyas Tapdıq “Uşaqgəncnəşr”, “Azərnəşr”, “Gənclik” nəşriyyatlarında, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb, “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri işləyib.
   Filologiya elmləri doktoru, yazıçı-dramaturq, Əməkdar jurnalist Aqşin Babayev şairin xeyirxahlığının onun həyatında da böyük rol oynamasından danışıb.
   Şairlər Oqtay Rza, Zaməddin Ziyadoğlu, şairin qardaşı Cəmil Tapdıqov və digər çıxış edənlər İlyas Tapdığın uşaq ədəbiyyatına verdiyi töhfələrin bu gün də böyük örnək sayıldığını vurğulayıblar.
   Tədbirdə şairin şeirləri və ona həsr edilmiş şeirlər səsləndirilib.
   Sonda şairin qızı, müğənni Şəbnəm Tapdıq atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.