Noyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar Azad Zahidin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı, Azərbaycan Bəstəkarlar İttifaqı və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.
   “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov və musiqişünas alim Ceyran Mahmudova yubilyarın yaradıcılığından danışıb, musiqi mədəniyyətimizin inkişafında xidmətlərini qeyd ediblər.
   Vurğulanıb ki, Qara Qarayevin yetirmələrindən olan A.Zahid Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 500-dək verilişin müəllifi kimi tanınır. Onun yaradıcılığında vətənpərvərlik mahnıları da böyük yer tutur. Azad Zahid müasirliklə klassik ənənəni sintez edə bilən bir sənətkardır. Onun yaradıcılığını irihəcmli 2 simfonik əsər, fortepiano üçün konsert, simli kvartet üçün konsert, eyni zamanda, vokal əsərləri zənginləşdirir.
   Mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbir konsert proqramı ilə davam edib. Konsertdə solistləri Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.