Dekabrın 6-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Qarabağ lətifələri” adlı açıqcalar dəstinin təqdimatı keçirildi. Nəşr Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi (MEMM) ilə AMEA-nın Folklor İnstitutunun birgə layihəsi əsasında ərsəyə gəlib.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu layihə uşaqların maariflənməsi və inkişafı üçün böyük önəm kəsb edir.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, Qarabağ haqqında daha çox məlumatlı olmaq hər birimizin vətəndaşlıq borcudur: “Ümid edirəm ki, gənc nəsil də Qarabağ haqqında daha çox məlumat öyrənmək arzusundadır. Biz bacardığımız qədər təbliğat aparırıq ki, Qarabağ folklor nümunələri yaşasın və unudulmasın”.
Bildirildi ki, təqdim edilən layihədə Qarabağ zonası üçün xarakterik olan lətifələr toplanıb. Lətifələr müxtəlif illərdə fərqli yaş kateqoriyasına aid insanların dilindən yazıya alınıb: “Arzu edərdim ki, məktəblilər Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə yaxından maraqlansınlar. Hər şagird bu mövzuda gündə bir cümlə belə oxusa, o, gələcəkdə öz xalqının maddi-mədəni irsinə qarşı biganə olmayacaq”.
Layihənin tərtibçisi - AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev layihənin ərsəyə gəlməsi və açıqcada yer alan rəsmlərlə bağlı məlumat verdilər.
MEMM-in baş elmi işçisi Aynurə Xudanlı, sektor müdiri İrina Özçoban, metodist Əkbər Rüstəmov, Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi uşaqların milli folklora, kitaba marağının artırılması məsələlərindən danışdılar.
Diqqətə çatdırıldı ki, açıqcalarda verilmiş lətifələr Folklor İnstitutu və Elmi-Metodik Mərkəzin birgə təşkil etdiyi folklor ezamiyyələri zamanı doğma yurdlarından didərgin düşən Qarabağ sakinləri ilə söhbət əsnasında toplanıb. Nəşrin hazırlanmasında məqsəd Qarabağın nə qədər zəngin folklora sahib olduğunu bir daha diqqətə çatdırmaq, əzəli yurd yerlərimizin hər bir qarışında Azərbaycan xalqının dərin izi olduğunu folklor nümunələri ilə əsaslı şəkildə sübut etməkdir.
Tədbirin sonunda məktəbli oxucular arasında Qarabağ mövzulu suallardan ibarət viktorina keçirildi. Qaliblərə hədiyyələr təqdim edildi.
L.Azəri