“British Council Azərbaycan” təşkilatı “CoolConnections” şirkəti və “Park Cinema” ilə əməkdaşlıq çərçivəsində “Ekranda sərgi” layihəsinin dördüncü mövsümünü açıq elan edib.
   “British Council Azərbaycan”dan bildirilib ki, yanvar ayından etibarən layihə üzrə britaniyalı rejissor Fil Qrabskinin incəsənətlə bağlı səkkiz sənədli filmi nümayiş olunacaq.
   Dördüncü mövsümün açılış filmi “İeronim Bosxun möcüzəli dünyası” olacaq. Film yanvarın 7-də “Park Cinema” kinoteatrlarında nümayiş olunacaq. Ekran əsəri Niderlandın cənubunda yerləşən Hertoqenbos şəhərindəki muzeydə keçirilən məşhur "İeronim Bosx - dahinin baxışı" sərgisindən bəhs edir. Sərgi Bosxun bir çox rəsm və şəkillərini doğma şəhəri Den-Bosda ilk dəfə bir araya gətirib və dünyanın müxtəlif yerlərindən yarım milyona yaxın sənətsevəri cəlb edib.
   Biletləri “Park Bulvar” və “Alov qüllələri”nin kassalarında əldə etmək mümkündür.
   Qeyd edək ki, cari ilin iyulundan həyata keçirilən “Ekranda sərgi” layihəsi dünyanın hər yerindən ən yaxşı incəsənət sərgilərini Azərbaycanın kinoteatr ekranlarına gətirir.